• SOSİAL

    12:25 26 may 2022

"Texnofest-Azərbaycan" festivalı başlayıb - FOTOSESSİYA

Bakıda "Texnofest-Azərbaycan" festivalı keçirilir.

APA xəbər verir ki, açılış mərasimi "Natiq" Ritm Qrupunun kompazisiyası ilə başlayıb.

Rəsmi açılış mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib ki, cəmi 2 gün sonra Azərbaycan Müstəqillik Gününü keçirəcək: “İlk dəfə Türkiyədən kənarda “Texnofest” Azərbaycanda keçirilir. Bu, ölkələrimizin dünyaya bir mesajıdır. Bu o deməkdir ki, gələcəkdə də bir yerdə addımlayacağıq”.

Rəşad Nəbiyev “Texnofest” festivalının gənclərin müsabiqəsi olduğunu nəzərə çatdırıb : “Azərbaycan isə gəncliyi ilə fəxr edir. Çünki gənclərimiz Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə torpaqlarımızı işğaldan azad edib”.

Nazir “Texnofest” festivalında hər kəsin qalib olacağını söyləyib: “Müsabiqə çərçivəsində 50 saat ərzində smart şəhərlər və kəndlərlə bağlı kifayət qədər maraqlı həllər ortaya qoyacaqlar. Startap festivalında isə gənclərimizin xaricdən gələn investorlara öz layihələri təqdim etmək imkanları olacaq”.

Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar bildirib ki, Bakıda bu müsabiqənin keçirilməsindən qürur duyur: “Bu gün ölkələrin müstəqilliyini qorumları üçün yüksək texnologiyalara malik olmasının nə dərəcədə əhəmiyyətli olduğunu görürük”.

Azərbaycan və Türkiyə xalqlarının, dövlətlərinin hər zaman bir-birinə dəstək olduğunu söyləyən Səlçuq Bayraktar “Texnofest” sayəsində türk övladlarının nələri başaracağını dünyaya göstərəcəklərini vurğulayıb: “Bakıdan Şuşaya, Can Azərbaycanın hər köşəsinə salamlarını çatdırıram. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, festivalın təşkilinə dəstək verən bütün dövlət qurumlarına, təşkilatlara təşəkkürümü bildirirəm. Dərdiniz dərdiniz, sevincimiz sevincimizdir. Allaha əmanət olun!”.

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank “Texnofest”-in Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirildiyini və bunun təsadüfi olmadığını qeyd edib: “Bu gün tək Türkiyə adına deyil, Azərbaycan, Türk Dünyası, İslam Dünyası adına sevinirəm. İki qardaş ölkənin texnologiya festivalı atəşini yandırdığı bir anı yaşayırıq. Bu gün bu festivalda iştirak edən gənclər sabahın mühəndisləri, alimləri olacaq. Mən siz gənclərin yerində bir gənc olsaydım, hər bir texnologiyanı araşdırar, sabaha qədər evə getməzdim. Bu festivalın təşkili üçün Azərbaycan Prezidentinə təşəkkür edirəm”.

Qeyd edək ki, gün ərzində Azərbaycan və türk pilotlarının iştirakı ilə aviaşoular nümayiş olunacaq. Saat 18-dən 20:00-dək estrada konserti baş tutacaq. 21:00-da isə lazer şou başlayacaq.

Festival 26-29 may tarixlərində keçiriləcək. Festival çərçivəsində müxtəlif müsabiqələrin təşkili nəzərdə tutulub.

Foto İlkin Nəbiyev © APA group

ONA

Teqlər:

SON XƏBƏRLƏR