Koronavirus infeksiyasının kütləvi şəkildə yayılmasının qarşısının alınması məqsədilə bütün zəruri tədbirlər icra olunur.
APA-nın yerli bürosunun məlumatına görə, Tovuz Rayon Polis Şöbəsi də karantin rejiminin tələblərinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində çalışır.
Vətəndaşlar tərəfindən epidemiyanın qarşısının alınmasına xidmət edən sanitariya-gigiyena qaydalarına əməl olunması COVID-19 virusuna yoluxan və ev şəraitində müalicə təyin edilən şəxslərin profilaktikası ciddi nəzarətdə saxlanılır. Növbəti dəfə xüsusi karantin rejimi qaydalarına zidd olaraq virusa yoluxaraq ev şəraitində müalicə olunan şəxslərin yaşayış yerlərini tərk etməsi halları müşahidə edilməyib. Həmçinin vətəndaşlarla tövsiyə xarakterli söhbətlər aparılıb. Bildirilib ki, karantin qaydalarını pozaraq yaşayış yerini tərk edən şəxslər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılacaq.
Tovuz polisi vətəndaşların diqqətinə çatdırır ki, koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamalı, bunun qarşısının alınmasında böyük əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməli, xüsusən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun şəkildə tibbi profilaktik qaydalara ciddi əməl olunmalı, nəfəs yollarını qoruyan fərdi vasitələrdən - maskadan, respiratordan mütləq qaydada istifadə edilməli, sosial məsafə gözlənilməlidir. Risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin isə evdən çıxmamaları tövsiyə olunur.
Rayon Polis Şöbəsi bir daha vətəndaşları xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özlərinin və digərlərinin sağlamlığına biganə qalmamağa çağırır. Bildirilir ki, bütün tədbirlər vətəndaşların sağlamlığının qorunması məqsədilə həyata keçirilir.