Tovuzda partlayış nəticəsində dağıntılar altında qalan şəxslərin adları məlum olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ONA-nın sorğusuna cavab olaraq bildirilib ki, Tovuz rayonu Öysüzlü kəndində partlayışla əlaqədar 2 nəfər - 1964-cü il təvəllüdlü Zemfira Qurbanova travmatik şok, yuxarı ətrafların soyulmuş yarası və 1992-ci il təvəllüdlü Həsən İmamverdiyev bel fəqərəsinin sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Yaralıların həyati təhlükələri yoxdur.
Qeyd edək ki, Tovuz rayonunun Aşağı Öysüzlü kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Yanğın hadisəsi olmayıb. Partlayış zamanı evdə sahəsi 20 m² olan bir otaq və bitişik talvar uçub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 2 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.