• SOSİAL

    16:35 8 may 2019

Traktorlarla texniki baxış keçirəcək yeni qurum müəyyənləşib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə yeni səlahiyyət verilib.

ONA-nın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası bununla bağlı “Traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi, dövlət texniki baxışının nəticələrinin sənədləşdirilməsi və hesabatının aparılmasına dair Təlimat”da dəyişiklik edib.

May ayından qüvvəyə minən dəyişikliyə əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən Kənd Təsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzləri (DAİM) vasitəsilə traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışı keçiriləcək və nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçməsi barədə elektron talon tərtib olunacaq, uçotu aparılacaq, dövlət texniki baxışının nəticələri sənədləşdiriləcək və hesabatı aparılacaq.

Bu sahədə səlahiyyət ləğv edilmiş səlahiyyət Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinə məxsus olub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 14 yanvar tarixli fərmanına əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb. Fərmanla müəyyən edilib ki, Agentlik kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini aqrar inkişaf mərkəzləri (DAİM) vasitəsilə həyata keçirir.

“Traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi, dövlət texniki baxışının nəticələrinin sənədləşdirilməsi və hesabatının aparılmasına dair Təlimat”da dəyişikliklər fərmanın icrası ilə əlaqədar edilib və ləğv edilmiş Baş Dövlət Texniki Nəzarət Xidmətinin bu sahədə səlahiyyəti Aqrar Xidmətlər Agentliyinə verilib.

Xatırladaq ki, bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”da dəyişikliklər edib. Dəyişikliyə əsasən, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün tədris müəssisələrini və kursları bitirmiş şəxslərdən məqbul (zaçot) və imtahanların qəbul edilməsi və onlara sürücülük (traktorçu-maşinist) vəsiqəsinin verilməsi (dəyişdirilməsi) Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən həyata keçiriləcək. Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülərin hazırlanması və onların ixtisasının artırılması proqramı üzrə təlim kursunu bitirməsi barədə tələbələrə (müdavimlərə) verilən şəhadətnamə və ya diplom (sertifikat) həmin texnikaları idarə etmək hüququ vermir. Şəhadətnamə və ya diplomun (sertifikatın) surəti müvafiq kateqoriyalı traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək hüququ verən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin alınmasına görə imtahanlara buraxılmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf mərkəzlərinə təqdim olunacaq.

Bu sahədə də səlahiyyət ləğv edilmiş Baş Dövlət Texniki Nəzarət Xidmətinə məxsus olub.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR