• SOSİAL

    17:08 22 may 2019

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin nümayəndələri FHN-də olublar

Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Baş əməliyyat departamentinin rəisi Əbdülkadir Tezcanın başçılıq etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyində olub.

ONA-nın xəbərinə görə, nümayəndə heyəti ilə görüşən Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev qardaşlıq, qarşılıqlı etimad və yüksək səviyyəli münasibətlər əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrindən danışaraq BMT çərçivəsində fəaliyyət göstərən Beynəlxalq Axtarış-Xilasetmə üzrə Məşvərətçi Qrupu (İNSARAG) tərkibində iki qardaş ölkənin müvafiq qurumlarının səmərəli əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Nazir müavini bildirib ki, ikitərəfli görüşlər və məsləhətləşmələr fəaliyyət imkanlarının artırılmasına və klassifikasiya mərhələsinə, eyni zamanda noyabr ayında Azərbaycanda keçiriləcək təlimlərə hazırlıq prosesinə əvəzsiz töhfə verəcək. O, Azərbaycanın İNSARAG-a qəbulunda verdikləri dəstəyə görə Türkiyə tərəfinə təşəkkür edib.

Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin Baş əməliyyat departamentinin rəisi Əbdülkadir Tezcan səmimi görüşə görə təşəkkür edərək Türkiyədə baş vermiş təbii fəlakətlər zamanı Azərbaycan Respublikasından edilən hərtərəfli yardımı minnətdarlıq hissi ilə xatırladıb. Azərbaycanın beynəlxalq axtarış-xilasetmə missiyasında iştirak etməsi üçün hərtərəfli imkanlara malik olduğunu vurğulayan qonaq sözügedən sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətindən söz açıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar FHN-in Akademiyası və Xüsusi Riskli Xilasetmə Xidmətinə baş çəkərək həmin qurumların fəaliyyəti ilə yaxından tanış olublar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR