• SOSİAL

    11:32 30 aprel 2019

Türkiyənin ilk beynəlxalq mediatoru Azərbaycanda təlimlər keçir

Türkiyənin ilk peşəkar beynəlxalq mediatoru, Ümumdünya Mediasiya Təşkilatının Türkiyə və Şimali Kipr təmsilçisi, İngiltərə Müzakirəçilər Cəmiyyətinin qurucularından biri, “Global Mediators&Negotiators” (GMN) – Qlobal Mediatorlar və Müzakirəçilər təşkilatının qurucusu və rəhbəri Dəniz Kite Güner Vəkillər Kollegiyası ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycanda seminar və təlimlər keçirib.

ONA-nın xəbərinə görə, Vəkillər Kollegiyası və Azərbaycanda Amerika Ticarət Palatasında (AmCham) keçirilən seminar və təlimlərdə türkiyəli mütəxəssis “Mediasiya və mübahisələrin alternativ həlli” mövzusunda seminar, eləcə də “Məhkəməyəqədər mübahisələrin həlli”, “Mediasiya haqqında qanuna müqayisəli yanaşma” mövzularında keçirilən müzakirələrdə məruzələrə çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Təlimlər hüquqşünasların ciddi marağına səbəb olub. Dəniz Kite Güner ölkəmizdə artıq daha geniş təlimlər keçirmək üçün dəvət alıb. Türkiyəli mütəxəssis Bakı Hüquq Mərkəzi ilə əməkdaşlıq haqqında razılıq əldə edib. Dəniz Kite Günerin növbəti seminarları may ayında baş tutacaq.

Dünyanın bir çox ölkələrində analoji təlimlər keçirən xanım Güner Azərbaycanın hüquq sisteminə töhfə verməkdən məmnun olduğunu bildirib: “May ayında Bakıda mediasiya ilə bağlı əsaslı bilgilər verəcəyik. Bu, Azərbaycanda ailə, işçi-işəgötürən və kommersiya mübahisələrində mediatorın rolu, mediasiya müddəti, mediasiya texnikası və üsullarını göstərən nəzəri və praktik bir təlim olacaq. Bəzən insanlar təlimlərdən o qədər həvəslənirlər ki, təlim bitincə, "biz mediator olmayaq, amma öyrəndiklərimizi öz həyatımızda, işimizdə tətbiq edək" deyirlər. Bəziləri də "bu, tam mənə görədir, bundan sonra ixtisaslaşaraq daha da yaxşı bir mediator olum" deyirlər. Ona görə biz hələlik təməl bilgilərə əsaslanan təlim təşkil etməyə qərar verdik. Türkiyənin ən yaxşı mediatorlarını və mediasiya təlimçilərini yetişdirmiş biri olaraq Azərbaycana da bu sahədə töhfə vermək mənim üçün izaholunmaz bir həyəcandır”.

Qeyd edək ki, Bakıda növbəti təlimlər 17-24 may tarixləri arasında baş tutacaq. Bu proqramda iştirak etmək istəyənlər [email protected] ünvanına e-mail göndərə bilər.

Türkiyəli mütəxəssis Azərbaycanın digər hüquq və ədliyyə strukturları ilə də əməkdaşlıq etməyə hazır olduqlarını açıqlayıb: “19 illik beynəlxalq təcrübəmizlə, Ədliyyə Nazirliyi və Vəkillər Kollegiyasına mediasiya sahəsinə aid təlimlərin hazırlanması, vasitəçi etikasının yazılması, təməl və peşəkarlıq təlimlərinin verilməsi kimi fərqli mövzularda dəstək olmaqdan böyük məmnuniyyət və qürur duyarıq”.

Qeyd edək ki, “Global Mediators&Negotiators” təşkilatı Türkiyənin beynəlxalq səviyyədə tanınan sertifikat verən yeganə qeyri-hökumət təşkilatıdır. Bu təşkilatın verdiyi sertifikatla dünyanın istənilən ölkəsində mediator xidməti göstərmək mümkündür. Eyni zamanda mediasiya təlimlərinə qatılmaq üçün mütləq hüquqşünas olmaq tələb olunmur. Digər ixtisas sahibləri də bu təlimlərdə iştirak edə bilərlər.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR