“23 aprel - Beynəlxalq Uşaq günü 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin qurulması şərəfinə Mustafa Kamal Atatürk tərəfindən yalnız türk uşaqlarına deyil, bütün dünya uşaqlarına hədiyyə edilən milli bayramdır”.
ONA-nın qərb bürosunun xəbərinə görə, bu fikirlər Türkiyənin Gəncə şəhərindəki Baş Konsulluğunda 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı günü münasibətilə keçirilən tədbirlərdə səsləndirilib.
Tədbirdə Türkiyənin Gəncədəki Baş Konsulluğunun əməkdaşları, Gəncə Uşaq Evinin sakinləri, Türkiyə vətəndaşları, ictimaiyyət nümayəndələri və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Baş konsul Zeki Öztürk qonaqları 23 münasibətilə təbrik edib, əlamətdar günün tarixindən, əhəmiyyətindən danışıb.
Gəncə Uşaq Evinin körpələri hazırladıqları ədəbi-bədii kompozisiyanı böyük şövqlə nümayiş etdiriblər. Uşaqların söylədikləri şeirlər alqışlarla qarşılanıb. “Lalə” qızlar rəqs ansamblının maraqlı rəqsləri tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb. Tədbirdə “Sev qardaşım”, “Əl-ələ verək”, “Dünyaya gəldik bir kərə”, “Həyat bayram olsa” musiqi parçaları böyük cosqu ilə qarşılanıb.
Tədbirdə Mustafa Kamal Atatürklə, əlamətdar günlə bağlı nümayiş etdirilən videoçarx iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
Fuad Hüseynov