• SOSİAL

    15:12 16 avqust 2019

Umayra Tağıyeva: “Son illərdə meteoroloji anomaliyalar özünü daha qabarıq və tez-tez göstərir"

“Son illərdə hava şəraitini proqnozlaşdırmaq daha çətin və mürəkkəb olub. Bunun səbəbləri ilə bağlı müxtəlif fikirlər, fərziyyələr var, bu suala birmənalı cavab vermək çətindir. Əgər əvvəllər ilin fəsilləri və onlara səciyyəvi hava şəraiti daha aydın biruzə verirdisə, son illərdə fəsillər arasında keçidlər “sürüşür”, meteoroloji anomaliyalar özünü daha qabarıq və tez-tez göstərir”.

APA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan iqlimşünaslığının korifeylərindən olan A. Mədətzadə və Ə. Şıxlinskinin əsərlərində ölkə ərazisində hava şəraitini təyin edən əsas sinoptik proseslər təhlil edilib: “Əgər 90-cı illərdə bu proseslərin başlanmasını, inkişafını və dinamikası izləmək tam mümkün idisə, hazırda həmin klassik prosesləri getdikcə daha az müşahidə edirik. Sabit sinoptik şəraitdə gözlənilməz ani dəyişikliklər qeyd edirik ki, bunları hətta bir gün əvvəl proqnozlaşdırmaq mümkün olmur, rəqəmli modellər bu prosesləri “tutmur”.

U. Tağıyeva deyib ki, əvvəllər də anomal isti və soyuqlar olub. Lakin hazırda bu hadisələrin təkrarlanmasında, intensivliyində və davamiyyətində dəyişiklik müşahidə edilir. Hazırda onları isti və soyuq hava dalğaları adlandırırlar: “Hava şəraitinin pisləşməsi barədə əhalinin məlumatlandırılması sahəsində qarşılaşdığımız bəzi problemlər də var. Bu, ilk növbədə, güclü külək, leysan yağışlar, anomal isti və soyuqlara aiddir. Bizim problemimiz bəzən daha çətin olan xəbərdarlıqların hazırlanması ilə yanaşı, onların əhaliyə hansı formada və ifadələrlə çatdırılması ilə bağlıdır. Çünki əhaliyə xəbərdarlıq verilərkən elə bir forma seçilməlidir ki, həm panika yaranmasın, həm də insanlar mümkün risklərə hazırlıqlı olsunlar. İnsanlar, onların xasiyyətləri və davranış tərzləri fərqlidir. Bəziləri təhlükəli hadisələr barədə xəbərdarlıq eşidən zaman dərhal mağazalara üz tutur və uzunmüddətli blokadaya hazırlaşmış kimi davranırlar. Elə bu səbəbdən də biz beynəlxalq təcrübədə rəsmi qəbul olunmuş başlıq və terminlərdən istifadə edərkən söz və ifadələrə ehtiyatla yanaşmağa məcburuq. Biz çox gözəl başa düşürük ki, vaxtında və düzgün verilmiş proqnoz və xəbərdarlıqlardan insanların sağlamlığı, bəzən hətta həyatı ( neftçilər, dənizçilər və s.) asılıdır".

U. Tağıyeva bildirib ki, ekstremal hava şəraiti haqqında xəbərdarlıqlar bütün müvafiq struktur və təşkilatlara göndərilir, onlar da öz növbəsində buna uyğun öz işlərini tənzimləyirlər: “Son zamanlar Bakı Şəhər İcra Hakimiyyəti işimizə böyük dəstək göstərir, bizim xəbərdarlıqlara operativ reaksiya verərək, müvafiq tədbirlər görür ki, bu da öz növbəsində yarana biləcək fəsadları və riskləri azaldır. Onlara öz təşəkkürümüzü bildiririk. Digər dövlət qurumları ilə də qarşılıql, sıx əlaqələrimiz var. Lakin bununla yanaşı, öz səhlənkarlıq və laqeydliyinin məsuliyyətini sinoptiklərin üzərinə atmaq istəyənlər də tapılır. Biz konstruktiv tənqidə də açığıq. Dövlət tərəfindən işimizin keyfiyyətinin yaxşılaşdırılması üçün şərait yaradılır, maddi-texniki bazamız yaxşılaşdırılır, müasir avadanlıqlar qurulur. Bu ili sonunadək dövlət investisiyası hesabına Dopler radarlar sisteminin tətbiqi planlaşdırılır, bu da 2-4 saat əvvəlcədən daha dəqiq qisamüddətli proqnozların verilməsi üçün imkan yaradacaq”.

Departament direktorunun sözlərinə görə, Xəzər dənizi üçün verilən proqnoz və xəbərdarlıqların əhəmiyyəti çox qiymətlidir: “Xüsusən də Xəzərdə güclü fırtınaların son dövrlərdə bizi tez-tez sınağa çəkdiyi zamanda yalnız sahələrarası düzgün əlaqələndirilmiş iş sayəsində ola biləcək insan itkisinin qarşısını almaq mümkün olur. Bu ilin sonunadək dövlət investisiyası çərçivəsində dəniz stansiyalarının, o cümlədən 2020-ci ilin noyabr ayında özünün 70 illik yubileyini qeyd edəcək Neft Daşları stansiyasının avtomatlaşdırılması planlaşdırılır. Lakin texnikanı yüksək ixtisaslaşmış mütəxəssislər idarə etməlidir. Bu mütəxəssislərin hazırlanması qarşımızda duran başlıca vəzifələrdən biridir. İşimiz çətin olsa da, çox maraqlı və insanlara lazımlıdır. Biz öz sıralarımızda bu sahə ilə maraqlanan gəncləri görmək istərdik”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR