• SOSİAL

    18:11 13 mart 2019

Umayra Tağıyeva: “Tornado regionumuz üçün səciyyəvi deyil”

“Tropik enliklərdə okean akvatoriyaları üzərində yaranan siklonlarda olan küləkləri ən təhlükəli adlandırmaq olar”.

ONA xəbər verir ki, bunu ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, dünyada orta hesabla il ərzində güclü küləklə bağlı 70-ə yaxın hadisə baş verir.

“Son onilliklərdə Atlantika hövzəsində ən dağıdıcı siklon 1998-ci ilin oktyabr ayında müşahidə edilib. 19000 nəfər Hondurasda, Nikaraquada və Salvadorda bu fırtınanın qurbanı olub, 2,7 milyon nəfər adam evsiz qalıb. Həmin vaxt küləyin maksimal sürəti saniyədə 70 metrə çatırdı. Siklonun hərəkət trayektoriyası və intensivliyi haqqında qabaqcadan xəbərdarlıq olmasaydı, itkilər bundan çox olardı.

Smerclərdən (tornado) fərqli olaraq fırtınalar, qasırğalar daha “uzunömürlü” hərəkətli olur. Smerclərin əhatə dairəsi daha məhdud olsa da, onların şiddəti bəzən daha çox olur. Smerclərin davamiyyəti bir neçə saniyədən, dəqiqədən, ən çoxu isə yarım saatdan artıq olmur.

1989-cu ildə Banqladeşdə baş verən smerc hadisəsi şiddətliliyinə görə Ginness rekordlar kitabına daxil edilib. Hadisə zamanı 1300 nəfər həlak olub. 1931-ci ildə Missisipidə isə tornado uzunluğu 43 metr olan 83 tonluq qatarı havaya qaldırıb.

Tropik siklonlar ifrat təhlükəli hadisələr kateqoriyasına aid olsalar da, onların trayektoriyası və intensivliyi barədə qabaqcadan xəbərdarlıq vermək mümkündür. Lakin tornado smerc hadisələrinin yaranmasına dair yalnız bir neçə dəqiqə əvvəlcədən xəbər vermək olur.

Coğrafi mövqeyimizi, iqlim şəraitini və digər amilləri nəzərə alaraq demək olar ki, bu kimi sinoptik proseslər bizim region üçün səciyyəvi deyil”, - deyə o əlavə edib.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR