Mayın 21-də Azərbaycan Tibb Universitetində (ATU) "Uşaqlarda allergik xəstəliklər" mövzusunda seminar keçirilib.
ONA-nın məlumatına görə, seminar Azərbaycan Allerqoloq və İmmunoloqlar Assosiasiyası və Rusiyanın Uşaq Allerqoloq və İmmunoloqlar Assosiasiyasının təşkilatçılığı ilə keçirilib.
ATU prorektoru Rauf Bəylərov seminarın artıq ikinci il keçirildiyini qeyd edib: "Biz ötən il də birlikdə seminar keçirmiş, pediatriyanın problemlərini birlikdə müzakirə etmişdik. Çünki biz ən xeyirxah işlə məşğul olur, uşaqları müalicə edir, xəstəliklərdən qoruyuruq. Azərbaycanda uşaqların qayğıları ilə dövlət səviyyəsində məşğul olunur. Bizdə hər il uşaqların immunizasiyası keçirilir, bütün regionlarda müasir səviyyədə qurulmuş perinatal mərkəzlər tikilir. Əlbəttə, bu sahədə bizim görüləsi işlər hələ çoxdur. Biz rus alimləri və başqa ölkələrin alimləri ilə yanaşı, pediatriya sahəsinin inkişafına, eləcə də yeni kadrların yaradılmasına çalışırıq".
Professor Amaliya Eyyubova bildirib ki, uşaqların sağlam böyüməsi üçün pediatrlardan çox şey asılıdır: "Çünki onlar bizim gələcəyimizdir. Uşaqların qarşılaşdıqları problemlərdən biri də allergiyadır. Biz də çalışırıq ki, bu sahədə rus həmkarlarımızla biliklərimizi bölüşək".
Rusiyanın Uşaq Allerqoloq və İmmunoloqlar Assosiasiyasının vitse-prezidenti, professor Yuri Solomonoviç Smolkin Rusiyada uşaq allerqologiyasının ayrıca sahə olmadığını təəssüflə qeyd edib: "Biz bu sahənin ayrıca öyrənilməsinə çalışırıq. Bunun üçün də öz assosiasiyamızı yaratmışıq. Azərbaycanda isə bu sahələrin hər ikisi ayrılıb. Biz çalışacağıq ki, Azərbaycan təcrübəsindən yararlanaq".
Daha sonra "Uşaqlarda bronxial astma və virus infeksiyasına müasir yanaşma", "Uşaqlarda atopik dermatitis erkən diaqnostikası", "Allergik rinitin müalicəsinə müasir yanaşma" və sair mövzularda çıxışlar dinlənilib.
Qeyd edək ki, seminar 1 iyun - Uşaqların beynəlxalq müdafiə gününə həsr olunub.