Uşaqların kompüter oyunları və digər elektron oyunlarla bağlı ekspertizasının aparılması Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılıb.
ONA-nın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev bu gün “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2018-ci il 20 noyabr tarixli 354 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Dəyişikliyə görə, Qanunun icrasına nəzarəti həyata keçirən dövlət orqanı teleradio yayımı sahəsində Milli Televiziya və Radio Şurası, mədəni-kütləvi tədbirin keçirilməsi barədə afişalara, digər elanlara, həmçinin belə tədbiri ziyarət etmək hüququ verən biletlərə, dəvətnamələrə və digər sənədlərə münasibətdə Mədəniyyət Nazirliyi, internet informasiya ehtiyatları vasitəsilə yayımlanan kino, televiziya və videofilmlərə (o cümlədən animasiya filmlərinə), kompüter oyunlarına və digər elektron oyunlara münasibətdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, mətbu nəşrlərə və digər informasiya məhsullarına münasibətdə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən edilib. Həmin qurumlar informasiya məhsulunun işarələnmədiyi və yaxud bu Qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə müstəqil şəkildə həmin informasiya məhsulunun ekspertizasını təşkil edir.