Tütünə qarşı Mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyasının saytında Azərbaycanda tütünlə mübarizə tədbirlərinə dair məlumat yerləşdirilib.
ONA xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumat yayıb. Məlumat Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən ÜST-nin Tütünə Qarşı Mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının Katibliyinə göndərilən geniş material əsasında hazırlanıb. Saytda yerləşdirilən “Tütünə qarşı Mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının 14-cü maddəsinin və onun həyata keçirilməsinin Rəhbər Prinsiplərinin yerinə yetirilməsində ölkələrin uğurlu təcrübələri” adlı kitabda (“Good country practices in the implementation of WHO FCTC Article 14 and its guidelines” https://www.who.int/fctc/implementation/)
Azərbaycanla yanaşı, tütünlə mübarizə istiqamətində bir sıra ölkələrdə görülən tədbirlərlə bağlı ÜST tərəfindən toplanaraq işlənmiş digər materiallar da geniş oxucu auditoriyasına təqdim olunub.
“Azərbaycan: tütündən imtinaya dair qanunvericilik bazası” başlığı ilə verilən materialda sağlamlığın qorunması və tütünlə mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs edilib. Azərbaycanda İSİM tərəfindən aparılan Gənclər arasında Tütündən İstifadənin Qlobal Tədqiqatı (2016-cı il) və Qeyri-infeksion xroniki xəstəliklərin risk amilləri üzrə 2-ci Milli Tədqiqatın (2017-ci il) nəticələrinə əsasən, tütünçəkənlər arasında kişilər (48.8%) qadınlar ilə (0.2%) müqayisədə üstünlük təşkil edib. Eyni zamanda, kişilərin 28,4%-i iş yerlərində, qadınların isə 23,3%-i evlərində daha çox ətrafa yayılan ikincili tütün tüstüsünün təsirinə (passiv tütünçəkmə) məruz qalıb. Tədqiqat onu da göstərib ki, siqaret çəkən kişilərin təxminən yarısı əvvəlki illər ərzində siqareti dayandırmağa çalışıblar.
2017-ci ildə “Azərbaycanda tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Qanun”un qəbul edilməsi ilə ölkədə aparılan tütünlə mübarizə tədbirlərinin gücləndirilməsi vurğulanıb. Qanunda elektron siqaret və qəlyanın digər tütün məmulatlarına bərabər tutulması, tütün məmulatlarının və tütün istifadəsi prosesinin televiziya və videofilmlərdə, teatr tamaşalarında və s. bu kimi audiovizual əsərlərdə zərərli vərdişin reklamı kimi qəbul edilərək nümayişinin qadağan olunması, sağlam həyat tərzinin təşviqi, tütün istifadəsinin və ətraf mühitdə tütün tüstüsünün zərərli təsirlərinin azaldılması və siqaretdən imtina edilməsinə dəstək verilməsi məsələləri kimi müddəaların yer alması təqdir olunub.