"Azərbaycanda mövcud olan münaqişəli vəziyyət COVID-19-un yayılmasının qarşısını almaq üçün bəzi çətinliklər yaradır.
Fürsətdən istifadə edərək bildirirəm ki, münaqişə və pandemiya nəticəsində zərər çəkmiş insanların ağrı-acısını bölüşürəm və onlara səbir diləyirəm.
Bu vəziyyətdə özümüzü qorumaq üçün nə edə bilərik? Bu günlərdə bir çox insan qrup halında küçələrə toplaşır və bu, COVID-19-un yayılması üçün risk yaradır".
APA xəbər verir ki, bu sözləri ÜST-ün Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı bildirib.
Onun sözlərinə görə, mövcud şəraitdə ən azı 1 metr fiziki məsafə saxlanılmalı və ya maska taxılmalıdır:
"Əllərimizi tez-tez yumalı, asqıranda və öskürəndə ağzımızı dirsək büküyümüzlə və ya salfetlə bağlamalıyıq.
Aydındır ki, bir yerə toplaşarkən bu qaydalara riayət etmək asan deyil. Lakin bu sadə tədbirlər yoluxmanın qarşısını ala bilər.
Son iki ay ərzində Azərbaycanda COVID-19-a yoluxma hallarının sayında sabitləşmə müşahidə edirik. Bu yaxşı bir göstəricidir və bu qazancdan faydalanaraq daha da irəliləyişlər əldə etmək lazımdır.
Gəlin birlikdə mübarizə aparaq. Özümüzün və sevdiklərimizin sağlamlığı bizdən asılıdır".