Azərbaycanda tələbə yataqxanalarının tikilməsi ilə bağlı təklif irəli sürülüb.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında vitse-spiker Valeh Ələsgərov bununla "Tik-idarə et-təhvil ver" (TİT) modelindən istifadəni məqsədəuyğun sayıb.
V.Ələsgərov deyib ki, bu modellə bağlı 2016-cı ildə Milli Məclis tərəfindən qanun qəbul olunub. Vitse-spiker bildirib ki, dünyanın bir çox ölkələrində bu modeldən səmərəli istifadə olunur, körpülər, tunellər hava limanları tikilir: “Milli Məclis bu qanuna əlavə edərək tələbə kampuslarının tikilməsi üçün qanunvericilik bazası yarada bilər”.
Qeyd edək ki, Milli Məclis 2016-cı il martın 4-də keçirilən iclasında “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” yeni qanun layihəsini təsdiq edib. Qanun layihəsində körpü və tunellərin, su anbarlarının, suvarma sistemlərinin, təhsil, səhiyyə, mədəniyyət obyektlərinin, kommersiya məqsədli binaların, sənaye, texnologiya, aqroparkların, xüsusi iqtisadi zonaların və digər infrastrukturların “Tik, idarə et, təhvil ver” (TİT) modelinə uyğun maliyyələşmə əsasında tikintisinə, idarə edilməsinə və təhvil verilməsinə investisiyanın cəlb olunmasının hüquqi əsaslarını müəyyən edir. Qanuna görə, bu tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin TİT modelinə uyğun həyata keçirən investor həyata keçirdiyi fəaliyyətlə bağlı dövlət rüsumlarından və yığımlardan azaddır.