Vətən Müharibəsi iştirakçıları və şəhidləri sırasında tələbələr də olub.
APA həmin qazilərin təhsil haqqı və kəsrləri ilə bağlı məsələlərin necə həll edildiyini araşdırıb.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Vətən Müharibəsində iştirak edən tələbələrin akademik borcları ilə bağlı məsələlərə müvafiq ali və orta ixtisas təhsili müəssisələrində fərdi baxılmalıdır.
Azərbaycan Diplomatiya Akademiyasından (ADA) APA-ya bildirilib ki, Vətən Müharibəsində iştirak edən tələbələri olmayıb, yalnız məzunlar iştirak edib.
Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva APA-ya bildirib ki, 44 gün davam edən və tarixi zəfərlə başa çatan Vətən Müharibəsində 17 nəfər BDU tələbəsi və məzunu şəhidlik zirvəsinə ucalıb: “Vətən müharibəsində iştirak etmiş Bakı Dövlət Universitetinin qazi tələbələrinin təhsil problemlərinin öyrənilməsi, onlara pedaqoji, metodiki dəstəyin göstərilməsi məqsədilə kompleks tədbirlər planına əsasən, onların akademik təhsil həyatına güzəştlər tətbiq ediləcək. Vətən müharibəsinin iştirakçısı olmuş alt qruplarda təhsil alan BDU tələbələrinin ödənişlərinin Universitet büdcəsindən ödənilməsi haqqında Elmi Şuranın iclasında qərar qəbul edilib”.
Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova APA-ya bildirib ki, tələbələrdən müharibədə iştirak edən olmayıb. Sadəcə hərbi tibb fakültəsinin sonuncu kurs tələbələri hospitalda olublar, onlar da dövlət hesabına oxuyurlar.
Azərbaycan Dillər Universitetindən (ADU) APA-ya bildirilib ki, ADU-da Vətən Müharibəsi qazilərinin kəsrlərinin qeydiyyat prosesi ödənişsizdir: “Prosedura uyğun olaraq, rektorun adına ərizə yazılır və onlar birmənalı şəkildə ödənişdən azad olunurlar. Bundan başqa, həmin tələbələrin dövlət imtahanlarının yekun dövlət attestasiyası problemləri qalıb. Onlar dövlət imtahanından azad olunacaqlar”.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədova APA-ya bildirib ki, Vətən müharibəsində iştirak edən UNEC tələbələri universitet rəhbərliyinin diqqət mərkəzindədir: “Universitetin səlahiyyəti çərçivəsində həmin tələbələrə lazımi dəstək göstəriləcək. Hələ ki, təhsil haqqı və ya kəsrlə bağlı güzəştin edilməsi barədə müraciət edən olmayıb”.
Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova APA-ya açıqlamasında deyib ki, Vətən Müharibəsində iştirak edən tələbə və məzunlar üçün Kompleks Qayğı Proqramı hazırlanıb və universitet Elmi Şurasında təsdiqlənib: “Bu proqrama əsasən Vətən müharibəsində iştirak edənlərlə bağlı universitet tərəfindən müxtəlif layihələr həyata keçirilir. Vətən müharibəsində iştirak edən və akademik borcları qalan bütün tələbə və məzunlara qanunvericiliyin tələbləri çərçivəsində universitet tərəfindən güzəşt olunacaq. Artıq bununla bağlı rektor Vilayət Vəliyev Vətən müharibəsi iştirakçıları və onların validenləri ilə onlayn görüş də keçirib. Qeyd edim ki, Vətən müharibəsində iştirak edən və akademik borcları qalan bütün tələbə və məzunlarla mütəmadi əlaqə saxlanılır. Onların hər birinin problemi ayrıca müzakirə olunur və həlli istiqamətində müvafiq qərar qəbul edilir”.
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin (AzMİU) mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva APA-ya açıqlamasında bildirib ki, bu günə qədər Vətən Müharibəsinin iştirakçısı olan 10-dan çox tələbə müraciət edib: “Bizim Universitetin nəzdində kollec də var. Həm Universitet, həm də kollecdən ümumilikdə 24 şəhidimiz olub. Onlardan biri də doktorantımız idi. Vətən Müharibəsinin iştirakçısı olan tələbələrimiz də var. Hazırda 10-dan çox müraciət olunub, onların sırasında təhsil haqqı borcu olan, alt dərslərə, şərti qruplara yazılanlar var. Onlar təhsil haqqı məsələsi ilə bağlı rektorluğa müraciət ediblər. Nazirlik tərəfindən rəsmi qərar yoxdur, amma Universitetin rektoru Gülçöhrə Məmmədova göstəriş verib ki, bu tələbələrə həssas yanaşılsın, onların problemlərinin həll olunması üçün mümkün variantlardan istifadə edilsin ki, narazılıq yaranmasın”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov APA-ya bildirib ki, Vətən Müharibəsində 100-dən artıq məzunları iştirak edib: “Universitetin məzun və tələbələrindən 22 nəfər şəhid olub. Onlardan biri tələbə, digərləri məzun idi. Tələbəmiz subbakalavr idi və bizim universitetin I kursuna qəbul olunmuşdu. Bildiyimiz kimi, ötən il dərslər oktyabrda açıldı, həmin tələbəmiz isə sentyabrın 27-də Vətən Müharibəsinə getdiyi üçün ümumiyyətlə universitetə gələ bilməmişdi. Bir şəhidimiz hələ diplomunu almamışdı, onun diplomu ailəsinə təqdim olunub. Təhsil haqqı və kəsri olan Vətən Müharibəsi iştirakçısı tələbəmiz isə yoxdur”.
Bakı Ali Neft Məktəbinin (BANM) mətbuat xidmətinin rəhbəri Zamirə Adilova deyib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən yüzlərlə çağrışçı arasında BANM əməkdaşı və məzunları da olub: “Onlar İkinci Qarabağ müharibəsində iştirak edərək Böyük Zəfərin qazanılmasına öz töhfələrini veriblər. Öz şərəfli missiyalarını yerinə yetirən əməkdaş və məzunlarımız BANM-in rəhbərliyi, pedoqoji və adminstrativ heyəti tərəfindən xüsusi qayğı ilə əhatə olunub. Belə ki, bu günlərdə BANM-in rektoru Elmar Qasımov ordu sıralarından tərxis olunan Elektron Tədris şöbəsinin əməkdaşı Ağasəlim Qafarovun tarixi Zəfərimizin qazanılmasına verdiyi töhfəyə, göstərdiyi şücaət və işinə peşəkar yanaşmasına görə, onun vəzifə dərəcəsinin artırılması barədə əmr imzalayıb.
Bundan başqa, Ali Məktəbin məzunu Aqil Ələkbərov da Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlarda uğurla iştirak edib. Ölkə Prezidenti İlham Əliyevin “2012/2013-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında sərəncamına əsasən, A.Ələkbərov Prezident təqaüdünə layiq görülmüş məzunlarımızdandır. 679 balla BANM-in Neft-qaz mühəndisliyi ixtisasına qəbul olan Aqil Ələkbərov ötən tədris ilində Ali Məktəbimizdən məzun olub. Hərbi xidmətdən geri dönən Aqilə bu günlərdə Rektor Elmar Qasımov tərəfindən ali təhsil haqqında diplomu və Fəxri Fərman təqdim olunub”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Sosial və Humanitar məsələlər üzrə prorektor köməkçisi Cavid Hüseynov APA-ya açıqlamasında deyib ki, ali məktəbin məzunları arasında şəhid olanlar var: "Vətən Müharibəsində iştirak edən 8 tələbəmiz olub, onların isə təhsil haqqı problemi yoxdur, imtahanlarla bağlı da köməklik göstərilib".
Bakı Slavyan Universitetinin (BSU) Mətbuat və İnformasiya şöbəsinin müdiri Mansur İbrahimov APA-ya bildirib ki, universitetin 3 məzunu Vətən Müharibəsində şəhid olub: “Universitet rəhbərliyi daima onların ailələri ilə əlaqə saxlayır, dəstək göstərir. Tələbələrimiz sırasında öz təhsilini dayandıraraq Vətən Müharibəsinə gedən olmayıb. Ötən il universiteti bitirib əsgərliyə gedən məzunlarımız isə hazırda həqiqi hərbi xidmətlərini davam etdirirlər”.
Azərbaycan İlahiyyat İnstitunun (Aİİ) mətbuat xidmətinin rəhbəri Ayşən Aslanova APA-ya bildirib ki, ali məktəbin Vətən Müharibəsi iştirakçısı olmuş tələbəsinə dərslərdə iştirak etmədiyi üçün sıxlaşdırılmış kurslar təşkil olunaraq, onun imtahandan müvəffəqiyyətlə keçməsi təmin olunub: “Eyni zamanda hələ də hərbi xidməti davam edən tələbəmizə isə qayıtdıqdan sonra güzəştlərin edilməsi nəzərdə tutulub. Qeyd edək ki, İnstitutda təhsil tam ödənişsizdir”.
Lənkəran Dövlət Universitetinin (LDU) mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova APA-ya deyib ki, Vətən müharibəsi qaziləri, iştirakçıları, bir sözlə müharibəyə gedənlərin hamısı təhsil haqqından azad edilib: “Onların təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək. Kəsr məsələsinə gəlincə, heç birinin kəsri yoxdur. Onlara əlavə məsləhət, məşğələ saatları salınıb, şərait yaradılıb, hamısı imtahandan keçirilib. Bundan sonra da belə olacaq. Çünki onlar bizim fatehlərimiz, qəhrəmanlarımızdır”.
Günay Elşadqızı