• SOSİAL

    12:30 3 yanvar 2021

Vətən Müharibəsində ilk bayraq ucaldan şəhid - REPORTAJ

Sentyabrın 27-də başlayan Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də Xızı rayonunun Xələnc kənd sakini, 25 yaşlı kəşfiyyatçı gizir Natiq Əlimurad oğlu Verdiyevdir.

APA APA TV-yə istinadən bildirir ki, o, 5 fevral 1995-ci ildə Xızı rayonu Xələnc kəndində anadan olub. 1 sentyabr 2001-ci ildə 9 illik Xızı rayon Xələnc kənd məktəbində təhsil almağa başlayıb. 2010-cu ildə həmin məktəbi bitirərək Sumqayıt Texniki Kollecində "Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti" ixtisası üzrə təhsilini davam etdirib. 2013-cü ildə təhsilini bitirərək Tərtərdə N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlayıb. 2015-ci ilin yanvar ayında hərbi xidmətini başa vurub. 2016-cı ilin Aprel döyüşləri zamanı könüllü olaraq orduya qoşulmaq qərarına gəlib və Bakıda 3 ay kurs keçərək xidmətə başlayıb. Xüsusi Təyinatlı kəşfiyyat bölüyündə hərbi xidmətini davam etdirib.

Bu il sentyabrın 27-də döyüş yoldaşları ilə birlikdə işğaldan azad olunan Murov yüksəkliyinə bayrağımızı azan sədaları altında sancaraq, xalqımıza ilk qələbə sevincini yaşadıb. Natiq çətin şərtlərdə, soyuq havada 3 gün ac-susuz qalaraq bayrağı müdafiə edib və bayrağın müdafiəsi uğrunda gedən döyüşlərdə oktyabrın 1-də qəhrəmancasına şəhid olub.

O, Vətən torpaqlarını azad, bütöv görmək istəyirdi. Elə bu amal uğrunda da şəhidlik zirvəsinə ucaldı. Vətən Müharibəsində Xələnc kəndinin ilk şəhidi olan Natiqin atası Əlimurad Verdiyev oğlunun uşaq vaxtlarından hərbiyə maraq göstərdiyini və arzusuna çatdığını deyir: “Şəhid olana qədər döyüşlər vaxtı onun harada olmasından xəbərimiz olmamışdır. Şəxsən onunla danışa da bilmirdim. Soruşa da bilmirdim. Hərbi sirr kimi yerini deyə bilmirdilər. Ancaq sonradan bildik ki o, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub. Çox səmimi idi, mehriban idi, qayğıkeş idi. Ürəklərə yol tapardı. Eyni sözləri də orda deyirlər ki, hamı ilə yaxşı ünsiyyət qururdu”.

Vətən borcunu öz canından üstün tutan balasının yoxluğuna hələ də inanmayan bir ana var bu evdə... Səyyarə ana... Anası Səyyarə xanımla hər dəfə danışanda “ağlama, başını dik tut, biz Vətən borcunu yerinə yetirməyə gəlmişik” deyirmış şəhidimiz: “Ağlayırdım, dedi, ağlama. 28-i bir dəfə zəng vurub deyib. Uşaqlar axtarmışdı onu ki, mama pisdir. Danışdı, dedi, ağlama. Az qalıb gəlirəm. Ancaq deyirdi televizora bax, yaxşı şeylər deyəcəklər. Fəxr duyuram oğlumla, qürur duyuram. Çünki öz istədiyi yolu idi, öz istədiyi peşə idi, öz istədiyi iş idi. Amma ana olaraq çətindir mənim üçün”.

25 yaşlı kəşfiyyatçı gizir oktyabrın 3-də Xələnc kənd qəbiristanlığında dəfn edilib. Xidmət etdiyi müddətdə bir sıra fəxri fərmanlarla mükafatlandırılan Natiq Verdiyev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR