Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 29 şəhər və rayonda orta ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan 22748 şagird üçün buraxılış imtahanı keçirib.
DİM-dən ONA-ya verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.
Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Aprelin 22-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. Yazı işləri (açıq tipli tapşırıqların cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Hər bir yazı işi əvvəlcə “scan” olunur və 2 marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir). Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir.
Bundan əlavə, imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmır.
İmtahanda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yay qəbul imtahanları keçirilənədək elan olunması nəzərdə tutulur.
***
saat 07.00
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 29 şəhər və rayonda, o cümlədən müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə təhsil alan 11-ci sinif şagirdləri üçün imtahanlar keçirir.
Mərkəzdən ONA-ya verilən məlumata görə, imtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 52 abituriyent də iştirak edəcək.
İmtahan saat 11:00-da başlanır.
İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir.
İmtahan 3 saat davam edəcək.
İmtahanda 22748 (Mingəçevirdə 964, Şəmkirdə 1387, Gədəbəydə 654, Ağstafada 643, Qazaxda 699, Tovuzda 1546 , Balakəndə 652 , Zaqatalada 1044, Qaxda 429, Yardımlıda 586, Cəlilabadda 1572, Masallıda 1276 , Lerikdə 440, Göyçayda 876, Ağdaşda 820, Ucarda 538, İsmayıllıda 796, Qobustanda 284, Ağcabədidə 1241, Füzulidə 685, Beyləqanda 823, Salyanda 968, Neftçalada 502, Hacıqabulda 352, Qusarda 840, Qubada 1265, Siyəzəndə 347, Xızıda 108, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərdə – internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində 411) nəfər 11-ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına 68 ümumi imtahan rəhbəri, 198 imtahan rəhbəri, 2019 nəzarətçi‑müəllim, 226 buraxılışı təşkil edən əməkdaş, 68 bina nümayəndəsi ayrılıb.
Qeyd edək ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Buraxılış imtahanlarının (qəbul imtahanlarının I mərhələsinin) nəticələri iki il qüvvədə olur və cari və növbəti tədris illərində abituriyentə I, II, III, IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında (II mərhələdə) eləcə də V qrup üzrə ali təhsil müəssisələrinin və kolleclərin müsabiqəsində iştirak etmək hüququ verir.
V ixtisas qrupu (xüsusi qabiliyyət tələb edən ixtisaslar) və orta ixtisas təhsili müəssisələri üzrə də müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq.