Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xınalıq kəndinə gedən 24 km uzunluğunda Quba-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi işləri həyata keçirilir.
Agentlikdən ONA-ya verilən məlumata görə, tikinti işlərinə respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu km-dən ayrılan Alpan-Kürkün-Susay istiqamətində başlanılıb.
Tikinti layihəsinə uyğun olaraq yol yatağının deformasiyaya uğramış yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı qruntla əks-dolğu aparılaraq kipləşdirmə işləri görülür və yeni yol yatağı inşa edilir, yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurların mexanizmlə kəsilməsi işləri görülür, yol profilə salınır. Yol əsasının tikintisi üçün isə lazımi qalınlıqda optimal qırmadaş və qum-çınqıl qarışığından istifadə olunur.
Yolun Alpan kəndi ərazisindən keçən hissəsində təqribən 8 km-lik ərazidə artıq sadalanan işlər görülərək iri dənəli asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb, 2 ədəd suötürücü boru quraşdırılıb. Ümumilikdə isə yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulur.
Bundan başqa Alpan-Kürkün-Susay avtomobil yolunda 1 düzbucaqlı su keçidi və 2 körpü inşa ediləcək. Körpülər 2 aşırımlı olmaqla 61 və 66 metr uzunluğunda olacaq. Artıq tikiləcək 1 dəmir-beton körpünün svayların vurulması işlərinə başlanılıb.
Layihə boyu sel sularını və yığılmış yağış sularının yol yatağından kənarlaşdırılması üçün müxtəlif diametrlərə malik 19 dairəvi suötürücü dəmir-beton boruların, 1 düzbucaqlı su keçidinin və 2 körpünün tikintisi nəzərdə tutulur.
Xınalıq kəndi istiqamətində yeni avtomobil yolunun tikintisinin 2020-ci il ərzində yekunlaşdırılması planlaşdırılır.
Yolun tikintisi bu ərazidə 8 minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirəcək.