"Ermənilər öz vandallıqlarını göstərərək bir çox meşələrimizi məhv etdilər, biz isə gəlib burada ağac əkirik".
APA-nın məlumatına görə, bunu IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində işğaldan azad olunmuş Qubadlı rayonunda ağacəkmə aksiyası zamanı ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
Onun sözlərinə görə, bu ərazilər 30 il ərzində bizim üçün əlçatmaz olub: "Məqsədimiz ondan ibarətdir ki, bu barbarların, vəhşilərin törətdikləri ekoloji terroru sizlər öz gözlərinizlə görəsiniz və dünyaya çatdırasınız".
Nazir müavini qeyd edib ki, ağac əkilən ərazidə 1970-ci illərin sonlarında böyük tut plantasiyaları olub: "Bu yerlər ölkəmizdə ipəkçiliyin, baramaçılığın inkişafı ilə bağlı münbit zəmin olan ərazilərdir. İşğaldan əvvəl il ərzində burada 100 tona yaxın barama istehsal olunub, bu gün isə burada Şərq çinarı, palıd və tut ağaclarından ibarət ümumilikdə 750 ədəd ağac əkilib".
Ağacəkmə aksiyasından sonra Cəbrayıl və Qubadlı rayonlarına mediatur başa çatıb.