"Bu yaz özün bir təbiət yarat" devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara 70 000-dən çox ağac tingi paylanılıb.
ONA xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova deyib.
O bildirib ki, ağac tinglərinin paylanması ölkəmizdə yaşıllıqların sayının artırılması, süni meşələrin salınması üçün yaxşı bir stimuldur: "İlk dəfə ağac paylama aksiyası ötən ilin payızında təşkil olundu, ictimaiyyət bu aksiyanı böyük maraqla dəstəklədi və fəal iştirakı ilə ağac əkilməsinin təşviqi istiqamətində nazirlik tərəfindən başladılan yeni bir formanı təqdir etmiş oldu. Bunu nəzərə alaraq aksiyanı yenidən davam etdirməyi qərara aldıq. Sevindirici haldır ki, ölkəmizdə ağacəkmə tədbirləri artıq geniş vüsət alıb və kütləviləşib".
İ.İbrahimova deyib ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq nazirlik əhalinin sosial rifahına töhfə verən meyvə bağlarının salınmasını prioritet hesab edərək, regionlarda əsasən meyvə ağaclarının əkilməsini və paylanmasını təşkil edib ki, bu da nəticə olaraq meyvə ağaclarının sayının artmasına, ölkədə meyvə bolluğunun yaranmasına gətirib çıxaracaq.