Azərbaycanda səfərdə olan ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvlərindən ibarət nümayəndə heyəti martın 6-da Bakıda yerləşən dini ibadət yerləri və yəhudi məktəbi ilə tanış olub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) ONA-ya verilən məlumata görə, Heydər məscidində olan nümayəndə heyətinə məscid haqqında məlumat verilib. Bildirilib ki, tikintisinə 2012-ci ilin sentyabrında başlanılan məscid 2014-cü il dekabrın 26-da istifadəyə verilib.
Daha sonra nümayəndə heyəti Bakıda yerləşən “Xabad-Or-Avner” yəhudi məktəbi ilə tanış olub. Qonaqlara təhsil mərkəzinin “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondu tərəfindən inşa edilməsi barədə məlumat verilib. Qeyd olunub ki, 450 yerlik mərkəzdə yəhudi mədəniyyətinin əsasları da tədris olunur.
Sonra “Müqəddəs Jen-Mironosits” rus pravoslav kafedral kilsəsi və “Bakirə Müqəddəs Məryəm” katolik kilsəsini ziyarət edən nümayəndə heyətinin rəhbəri ABŞ-ın “Etnik Anlaşma Fondu”nun yaradıcısı və rəhbəri Ravvin Mark Şnayer ölkəmizdəki dinlərarası harmoniyanın canlı şahidi olduğunu dilə gətirib. Bildirib ki, Azərbaycandakı nümunəvi tolerant mühit hər bir dinin nümayəndəsinin sərbəst ibadətinə imkan verir.
Nümayəndə heyətinin üzvləri dövlətimizin dini konfessiyalar üçün yaratdığı şəraiti yüksək qiymətləndirib.