Bu gündən etibarən orta məktəblərdə ibtidai siniflər üçün əyani tədrisin başlanması, həmçinin bir çox xidmət sahələri üzrə iş fəaliyyətinin bərpa olunması yollarda, küçə və prospektlərdə, xüsusilə də orta təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artmasına səbəb olub.
ONA xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatında deyilir. BDYPİ bütün sürücülərdən xahiş edir ki, yol hərəkəti qaydalarına ciddi riayət etsinlər, əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma-durma qaydalarını pozmamaqla avtomobillərini icazə verilən ərazilərdə saxlasınlar ki, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə maneçilik yaratmasınlar:
"Eyni zamanda, piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamağı və hərəkət hissəsini piyada keçidləri ilə keçməyi, valideynlərə azyaşlı uşaqları nəzarətsiz qoymamağı, ictimai nəqliyyat vasitələrindən istifadə edən şəxslərə sosial ara məsafəsi saxlamaqla tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə etməyi tövsiyə edirik".