"Bəzi regionların dövlət xəstəxanalarında tibbi fakültələrin açılması üçün hökumətə təkliflər hazırlayırıq".
APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, hazırda bununla bağlı təhlillər aparılır: "Hazırda Səhiyyə Nazirliyi ilə rezidenturanı bitirib bölgələrə təyinat alan həkimlərin regionlarda ən azı 3 il çalışması məsələsi ilə bağlı danışıqlar aparılır. Həkimləri regionlara ezam etmək niyyətindəyik. Bununla regionlarda olan həkim çatışmazlığını qısa müddətdə aradan qaldırmaq istəyirik".
O qeyd edib ki, Türkiyədə oxuyan tələbələrlə də əlaqə saxlanılıb. Onların regionlarda fəaliyyət göstərməsi istiqamətində danışıqlar aparılıb: "Bu gün xarici ölkələrdə təhsil alan yüzlərlə tələbə var ki, onların təcrübəsindən yararlanmaq olar. Hər il Türkiyədə tibb sahəsi üzrə təhsil alan bir çox tələbə məzun olur. Onlar məzun olduqdan sonra öz karyeralarını qurmağa çalışırlar. Təəssüf ki, bu gün regionlarda həkim çatışmazlığı ilə bağlı müəyyən çətinliklər var. Amma yaxın gələcəkdə Agentlik adından onlara regionların mərkəzi xəstəxanalarında çalışmaları üçün həvəsləndirici, motivasiyaedici təkliflər irəli sürmək istəyirik. Artıq bir qrup tələbə ilə danışıqlar aparılıb”.
Z.Əliyev bildirib ki, regionlarda həkim məntəqələrinin vəziyyəti ürəkaçan deyil: "Bunu bilirik. Lakin bizim səlahiyyətimiz məhduddur. Son 10 ildə 600-dən çox xəstəxananın əsaslı təmiri və yenidən qurulması üçün yatırımlar olub. Bəzi xəstəxanalarda işlər qalıb. Onlar da tamamlanacaq. Yerlərdə avadanlıqlar yetərli səviyyədə deyil. Həkimlərin bəziləri düzgün müalicə müayinə aparmaqda çətinlik çəkirlər".