Avropa Parlamenti Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etməyəcək.
Avropa Parlamentinin Demokratiyaya Dəstək və Seçki Koordinasiya Qrupunun (DEG) həmsədrləri, deputatlar Devid MakAllister və Tomas Tobenin yaydıqları bəyanatda həmçinin, Avropa Parlamentin nə seçki prosesi, nə də seçkilərin nəticələri barədə şərh verməyəcəyi əlavə olunub.
Hər hansı parlamentarinin Azərbaycandakı seçkilərə münasibət bildirmək qərarına gəldiyi halda isə o, bunu öz təşəbbüsü ilə etmiş olmalı və heç bir halda Avropa Parlamentinin adından çıxış etməməlidir.
Göründüyü kimi, Avropa Parlamenti Azərbaycanda növbədənkənar prezident seçkilərinə təxminən 3 həftə qalmış növbəti absurd addım atıb. Bəyanatın absurdluğu isə ilk növbədə onunla bağlıdır ki, Azərbaycan seçkiləri müşahidə etmək üçün Avropa Parlamentinə dəvət göndərməyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB), Müstəqil Dövlətlər Birliyi (MDB), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), Türk Dövlətləri Təşkilatı (TDT) və Qoşulmama Hərəkatının Gənclər Təşkilatına müvafiq notalar göndərildiyi açıqlanmışdı.
Göründüyü kimi, siyahıda Avropa Parlamentinin, yaxud Aİ-nin hər hansı digər strukturunun adı çəkilmir. Odur ki, rəsmi Bakıdan dəvət almayan Avropa Parlamentinin seçkiləri müşahidə etməyəcəyi barədə bəyanat verməsi həqiqətən məntiqsiz görünür.
Digər tərəfdən, bəyanat əslində Avropa İttifaqının növbəti dəfə rəsmi Bakı ilə münasibətlərində normal dialoq yox, qeyri-konstruktiv yanaşma sərgilədiyini göstərir. Aydın görünür ki, Avropa İttifaqının Fransa kimi bəzi üzvləri və qanunverici orqanı sayılan Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi, müstəqil və heç bir kənar təsirə boyun əyməyən xarici siyasəti və iqtisadi gücünün artması fonunda narahatlıq keçirir. Burada əsas hədəflərdən birinin Azərbaycanla Avropa İttifaqı arasında aparılan dialoqa zərbə vurmaq olduğu da diqqətdən qaçmamalıdır.
Bu qərəzin əyani nümunəsi 2023-cü il oktyabrın 5-də Avropa Parlamentinin Azərbaycanın Qarabağda apardığı antiterror tədbirlərini pisləyən və bunun məsuliyyətini daşıyan şəxslərə sanksiya tətbiq edilməsinə, Avropa İttifaqının rəsmi Bakı ilə münasibətlərinə yenidən baxmasına çağırış edən qətnamə qəbul etməsi idi.
Hətta Qarabağa separatçılarının əsas sponsoru olan Ermənistanın antiterror tədbirlərinə neytral yanaşması fonunda Avropa Parlamentinin həmin qərəzli sənədi qəbul etməsi növbəti absurd kimi görünürdü.
Azərbaycana qarşı hücumlar isə yenə də davam etdirilirdi. Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin ötən ilin noyabrın 29-da qəbul etdiyi illik hesabatlarda Azərbaycanla bağlı beynəlxalq hüquqa zidd, qeyri-etik, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fikirlər yer almış, rəsmi Bakı tərəfindən qətiyyətlə rədd edilmişdi.
Təbii ki, hədə və təkəbbür dilində danışılmasını heç bir şəkildə qəbul etməyən Bakı hər zaman bu addımlara layiq olan cavabları verib.
Avropa Parlamenti anlamalıdır ki, məhz bundan əvvəl dəfələrlə təkrarlanan qərəzinə görə Azərbaycan onu fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə dəvət etməyib.
Avropa Parlamentinin Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı nə düşündüyü isə o qədər də vacib deyil. Azərbaycanda seçkiləri izləmək üçün özü özünə dəvət göndərib, özü də o dəvətdən imtina edən Avropa Parlamentinin korrupsioner quruma çevrildiyini bir müddət əvvəl baş verən qalmaqallar ortaya qoydu. Ermənipərəst parlamentarilərlə dolub-daşan Avropa Parlamenti yaxşı olar ki, korrupsioner damğasından xilas olmağın yollarını axtarıb tapsın, Azərbaycanda növbədənkənar seçkilərlə bağlı narahat olmasın. Azərbaycan xalqı fevralın 7-də öz layiqli seçimini edəcək.
APA Analytics