Azərbaycan hakimiyyəti son 30 il ərzində Ermənistanın hərbi təcavüzünə son verilməsi və ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə çıxılması, suverenliyin bütün ölkə ərazisində təmin edilməsi istiqamətində sistematik siyasət həyata keçirib.
İşğalın dağıdıcılığı və yaratdığı ruh düşkünlüyü, pessimizm, iqtisadi-siyasi tənəzzül məhz ölkə rəhbərliyinin vizyonu sayəsində addım-addım aşıldı, ta ki Azərbaycan son 200 ilik tarixinin ən qüdrətli, nüfuzlu statusunu qazananadək...
Bu gün Azərbaycan keçmiş SSRİ məkanında öz ərazi bütövlüyünü öz gücü ilə bərpa etmiş yeganə dövlətdir.
Bu, həm də Azərbaycanın gücünün göstəricisidir. Lakin güclü Azərbaycan təbii olaraq regionda məkrli maraqları olan, “parçala, hökm et” siyasəti həyata keçirən və yalnız öz maraqlarını güdən dairələrin arzulamadığı anlayışdır. Bunun nəticəsidir ki, gözlənilən lokal antiterror tədbirləri ərəfəsində Azərbaycana qarşı bir sıra Qərb dairələrində ardıcıl həmlələr həyata keçirildi. Rəsmi Bakının öz suverenliyini bütün ərazisi üzərində bərqərar etməsinin qarşısının alınması, bu məqsədindən daşınması üçün ona təzyiq göstərilməsi məqsədilə təhdid dolu bəyanatlar səsləndirildi, beynəlxalq münasibətlərin tənzimlənməsində çoxdan uğursuz olduğu sübut edilmiş institutlarda müzakirə şouları təşkil edildi.
Ermənistanın uzun müddətdir ki, siyasi manipulyasiya alətinə çevirdiyi BMT tribunalarında Azərbaycanın Laçın yolunu guya blokladığı, Qarabağdakı erməni əhalini humanitar böhranla üz-üzə qoyduğu iddia edildi və guya Bakının ermənilərə qarşı “soyqırımı” aparacağı tirajlandı. Məsələ həm avqustda, həm də sentyabrda BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılsa da, ittihamları təsdiqləyən heç bir dəlil olmaması, eləcə də Azərbaycanın dostlarının dəstəyi sayəsində rəsmi Bakı əleyhinə heç bir sənəd qəbul edilmədi və iclaslar böhtanlardan ibarət çıxışlarla, çağırışlarla yekunlaşdı.
Analoji həmlələr ABŞ Konqresində də həyata keçirildi. Ermənipərəst və korrupsioner konqresmen Menendezin Senatın Xarici əlaqələr komitəsində təşkil etdiyi son dərəcə qərəzli, siyasi etikadan çox uzaq dinləmə şouları da Bakıya beynəlxalq təzyiqin artırılması məqsədi daşıyırdı.
Bu kritik dövrdə Azərbaycana qarşı həmlələrə Aİ də qoşulmuşdu. Həm Avropa Parlamentində, həm də ittifaqın digər qurumlarında müxtəlif qərəzli bəyanatlar səsləndirilir, ölkə hakimiyyətindən sanki separatizmlə barışması tələb edilirdi. Lakin Azərbaycanın dostluq əlaqələri burada da ölkə əleyhinə bəyanatın qarşısını aldı.
Hər bir halda antiterror tədbirləri ərəfəsi beynəlxalq münasibətlərin dinamikası ilə yadda qaldı. Təhdid və təzyiqlərə baxmayaraq, Azərbaycan öz məqsədinə doğru inamla addımladı və ərazi bütövlüyü problemini kökündən həll etdi. Bu həlledici mərhələdə Azərbaycana qarşı aparılan bütün bu siyasi linç oyunları əslində kimin kim olduğunu, kimin dost, kimin düşmən olduğunu bir daha göstərdi və təbii olaraq rəsmi Bakı bundan nəticələr çıxardı. Sözsüz ki, Azərbaycan bunu mütləq nəzərə alacaq.