• TƏHLİL

    18:48 7 yanvar 2026

Azərbaycanın mütləq qələbəsi: Qarabağdan Vaşinqtona uzanan tarixi yol –TƏHLİL

Azərbaycanın son beş ildə keçdiyi yol Cənubi Qafqazın geosiyasi mənzərəsini əsaslı şəkildə dəyişdirməklə yanaşı, beynəlxalq hüququn praktik müstəvidə necə icra oluna biləcəyinin nadir nümunəsini ortaya qoydu. Uzun illər ərzində icrası təmin olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri faktiki olaraq Azərbaycan dövlətinin öz suveren imkanları və müstəqil siyasi iradəsi hesabına reallaşdırıldı. Bununla da beynəlxalq hüquq norması real icra mexanizmi qazanaraq kağız üzərində deyil, fakt üzərində tətbiq edilən siyasi-hüquqi reallığa çevrildi. 2020-ci ilin payızında başlayan 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu beynəlxalq səviyyədə tanınmış ərazilərinin böyük hissəsini azad edərək yeni geosiyasi reallıq yaratdı. Ardınca 10 noyabr 2020-ci il bəyanatı əsasında Rusiya sülhməramlı kontingentinin bölgəyə müvəqqəti yerləşdirilməsi, post-münaqişə təhlükəsizlik modelinin formalaşmasına gətirib çıxardı. 2021-2022-ci illərdə strateji yüksəkliklərin nəzarətə götürülməsi və 2022-ci ilin Praqa görüşündə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, hərbi qələbənin siyasi səviyyədə təsdiqi baxımından həlledici mərhələ oldu.

2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri isə Qarabağdakı qanunsuz silahlı dəstələrin tərksilah edilməsini təmin etdi, ölkənin suverenliyi tam bərpa olundu. Qondarma rejimin funksionerlərinin Azərbaycan məhkəməsi qarşısında cavab verməsi isə hüquqi məsuliyyət mexanizmlərinin işə düşdüyünü göstərdi. Nəhayət, 2025-ci il 8 avqust tarixində Vaşinqtonda sülh sazişinin paraflanması ilə bu reallıq beynəlxalq hüquqi sənəd formasında rəsmiləşdirildi. Beləliklə, Azərbaycan müasir dövrdə nadir rast gəlinən “tam və mütləq qələbə” modelini formalaşdıraraq ərazi bütövlüyünü, suverenliyini və regional liderliyini təsdiqlədi.

Mütləq zəfər və “yarımçıq qələbə” modelləri

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev: Əziz Şuşa, sən azadsan!

Müasir beynəlxalq münasibətlər sistemində çox az sayda münaqişə var ki, hərbi mərhələ, siyasi tanınma və hüquqi məsuliyyət mexanizmləri ilə tam yekunlaşmış olsun. Son onilliklərdə baş verən münaqişələrin əksəriyyəti ya dondurulmuş vəziyyətdə qalır, ya da hərbi mərhələdə əldə olunan üstünlüklər siyasi və hüquqi nəticələrlə tamamlanmadığı üçün yalnız “yarımçıq qələbə” xarakteri daşıyır. İraq, Əfqanıstan, Liviya, Suriya, Yəmən, Mali, Kosovo və Ukrayna nümunələri göstərir ki, hərbi əməliyyatlar müəyyən mərhələdə üstünlük yaratsa belə, davamlı dövlətçilik modeli, sabit siyasi quruluş və hüquqi yekun nizamlanma formalaşmayanda qələbə anlayışı nisbi məzmun kəsb edir. Məsələn, İraqda rejimin devrilməsinə baxmayaraq, uzunmüddətli siyasi sabitlik təmin edilmədi, Əfqanıstanda 20 illik hərbi iştirak nəticədə əvvəlki qüvvələrin hakimiyyətə qayıtması ilə başa çatdı, Liviyada dövlət idarəçiliyi parçalandı, Suriyada lokal hərbi uğurlar olsa da, ümumi nizamlanma baş vermədi, Yəməndə münaqişə açıq fazada qaldı, Kosovoda hüquqi-siyasi status tam yekunlaşmadı, Ukraynada isə nə hərbi, nə diplomatik, nə də hüquqi nəticə formalaşdı. Bu mənzərə fonunda Azərbaycanın Qarabağda əldə etdiyi nəticə mahiyyətcə fərqli model kimi çıxış edir. Azərbaycan əvvəlcə 2020-ci ildə qazandığı hərbi qələbə ilə işğala son qoydu, daha sonra bu reallıq Praqa və Brüssel formatlarında, eləcə də 2025-ci ildə Vaşinqtonda sülh sazişinin paraflanması ilə siyasi-diplomatik səviyyədə rəsmən tanındı, paralel olaraq qanunsuz silahlı dəstələr tərksilah edildi, separatçı strukturlar ləğv olundu və 30 il ərzində müharibə cinayətlərinin başında duranlar Azərbaycan məhkəmələri qarşısına çıxarıldı. Beləliklə, Azərbaycan qələbəni hərbi mərhələ ilə məhdudlaşdırmadı, onu siyasi legitimlik və hüquqi məsuliyyət mexanizmləri ilə tamamlayaraq müasir dövr üçün nadir sayılan “tam və mütləq qələbə modeli” formalaşdırdı. Bu model sübut etdi ki, qələbə yalnız döyüş meydanında yox, diplomatiyada və beynəlxalq hüquq müstəvisində də təsdiqləndikdə davamlı sülh və real suverenlik təmin edilir.

Xüsusi vurğulanmalıdır ki, İkinci Dünya Müharibəsindən sonra yeganə olaraq Azərbaycan tam və mütləq qələbə əldə etməyə nail oldu. Bu qələbənin düsturu isə lider-xalq-ordu həmrəyliyidir. Bu üç amil bir yumruq olaraq yekun nəticə əldə olunmasına imkan verdi.

44 günlük Vətən müharibəsi: tarixi dönüş nöqtəsi

Tarixin 44 günlük müharibəsi: yaşadığımız terrorlar

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycan tarixində tamamilə yeni mərhələnin başlanğıcını qoydu. Uzun illər işğal altında saxlanan ərazilər planlı və ardıcıl hərbi əməliyyatlar nəticəsində azad edildi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Laçın rayonlarının böyük hissəsinin, habelə mühüm strateji yüksəkliklərin və kommunikasiya xətlərinin nəzarətə götürülməsi Azərbaycanın operativ üstünlüyünü möhkəmləndirdi. Bu proses təkcə döyüş meydanındakı üstünlüyü deyil, həm də siyasi iradənin, milli həmrəyliyin və dövlətin strateji düşüncəsinin real nəticəsini nümayiş etdirdi.

Müharibənin taleyini müəyyən edən əsas hadisə isə Şuşa şəhərinin işğaldan azad edilməsi oldu. Şuşa həm coğrafi mövqeyinə, həm də tarixi-mədəni əhəmiyyətinə görə Qarabağın açarı hesab olunurdu. Onun azad edilməsi ilə Ermənistanın müqavimət imkanları faktiki olaraq sıradan çıxdı və müharibənin nəticəsi əvvəlcədən müəyyənləşdi. Məhz buna görə 8 noyabr Azərbaycan tarixində Zəfər Günü kimi əbədiləşdirildi. Bu gün yalnız hərbi qələbənin yox, həm də milli qürurun, dövlətçilik iradəsinin və ədalətin bərpasının rəmzinə çevrildi.

10 noyabr bəyanatı və Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsi

Qarabağ atəşkəs bəyanatı (2020) — Vikipediya

10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatla 44 günlük müharibəyə son qoyuldu və bölgədə yeni təhlükəsizlik arxitekturası formalaşmağa başladı. Sənədə uyğun olaraq Qarabağın müəyyən hissəsinə Rusiya sülhməramlı kontingenti yerləşdirildi. Bu qüvvələrin mandatı humanitar təhlükəsizliyin təmin edilməsi, mülki əhalinin qorunması, eləcə də tərəflər arasında gərginliyin alovlanmasının qarşısının alınması kimi funksiyaları ehtiva edirdi. Laçın istiqamətində nəzarət mexanizmi formalaşdırıldı və bölgədə vəziyyətin sabitləşdirilməsi üçün müvəqqəti rejim tətbiq olundu.

Bu mərhələ faktiki olaraq münaqişənin hərbi fazasından post-müharibə təhlükəsizlik mərhələsinə keçidi ifadə edirdi. Azərbaycan dövləti bu reallıqdan çıxış edərək suveren hüquqlarının tam bərpası istiqamətində ardıcıl siyasi, diplomatik və hüquqi addımlar atdı. Bununla paralel olaraq, ölkə azad edilmiş ərazilərdə bərpa və reinteqrasiya prosesini sürətləndirdi, beləliklə hərbi zəfərin dövlətçilik və təhlükəsizlik müstəvisində möhkəmləndirilməsi mərhələsinə qədəm qoyuldu.

2020-2021-ci illər: Strateji yüksəkliklərin nəzarətə götürülməsi

Qarabağda bütün strateji yüksəkliklər ordumuzun nəzarətindədir” - hərbi  ekspert

2020-ci ilin dekabrından etibarən Azərbaycan müharibədən sonrakı mərhələdə suverenlik və təhlükəsizlik nəzarətini sistemli şəkildə gücləndirməyə başladı. Bu, yalnız hərbi xarakter daşımayan, eyni zamanda dövlətin siyasi iradəsini və regional təhlükəsizlik strategiyasını əks etdirən çoxşaxəli proses idi.

2020-ci ilin dekabrında Hadrutun Köhnə Tağlar (Xin Taqer) və Çaylaqqala (Xtsaberd) kəndləri istiqamətində qanunsuz silahlı qruplaşmaların manevr imkanları məhdudlaşdırıldı, Ermənistandan Azərbaycana qarşı təxribat üçün göndərilmiş onlarla erməni hərbçi əsir götürüldü.

Bu prosesin növbəti ciddi mərhələsi 2021-ci ildə Qaragöl-Zəngəzur istiqamətində sərhəd mövqelərinə yerləşmə oldu. Bu addım sovet xəritələrinə əsaslanan real sərhəd xəttinin formalaşdırılmasına xidmət edir və Azərbaycanın dövlət sərhədinə suveren nəzarətinin bərpasında strateji dönüş nöqtəsi kimi qiymətləndirilirdi.

Ardınca 2022-ci ilin martında Fərrux əməliyyatı həyata keçirildi.

Fərrux yüksəkliyinin azad olunması... - Keçmiş döyüşçüdən mühüm açıqlama

Xocalı rayonunun Fərrux dağı istiqamətində Azərbaycan Ordusunun apardığı hərbi əməliyyat nəticəsində Fərrux kəndi, Fərrux dağı, "Daşbaşı" yüksəkliyi və "Sağsağan" dağ silsiləsi erməni silahlılarından azad edildi.

Əməliyyatdan sonra Ağdam şəhəri və rayonun 9 kəndi Dağlıq Qarabağ ərazisində yerləşən erməni silahlı dəstələrinin vizual nəzarətindən çıxdı, Xankəndi-Ağdərə avtomobil yoluna vizual nəzarət Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdi. Bundan başqa, Xocalı rayonunun Pirlər kəndinə də tam nəzarət imkanları yarandı.

Fərrux kəndi və ətraf yüksəkliklərdə nəzarətin təmin edilməsi Azərbaycan Ordusuna həm operativ nəzarət, həm də hərbi təhlükəsizlik baxımından mühüm üstünlüklər qazandırdı və bölgədə strateji balansı dəyişdirdi.

3 avqust 2022-ci ildə Sarıbaba və Qırxqız istiqamətində keçirilən “Qisas” əməliyyatı nəticəsində isə mühüm yüksəkliklərin nəzarətə götürülməsi Ermənistanın yeni mövqe üstünlüyü yaratmaq planlarını tamamilə iflasa uğratdı və Azərbaycan tərəfinin hərbi üstünlüyünü daha da möhkəmləndirdi.

Vəziyyət 2022-ci ilin 12-14 sentyabrında Cermux istiqamətində sərhəd döyüşləri ilə yeni fazaya keçdi. Azərbaycan Silahlı Qüvvələrinin bu istiqamətdə əldə etdiyi mövqelər sərhəd təhlükəsizliyinin təminində növbəti mühüm mərhələ oldu və faktiki güc balansını Azərbaycana doğru daha da dəyişdirdi.

Məhz bu ardıcıl və məqsədyönlü əməliyyatlar regionda yeni reallıq formalaşdırdı. Ermənistan artıq geri dönüşü olmayan geosiyasi vəziyyəti qəbul etməyə məcbur oldu və bu Azərbaycan hərbi-strateji addımlarını diplomatik müstəvidə möhkəmləndirərək sülhə aparan yolun əsasını qoydu.

Praqa görüşü: ərazi bütövlüyünün tanınması

Praqa görüşü sülh müqaviləsinin imzalanmasına yönəlmiş növbəti addımdır” -  RƏY + FOTO - Oxu.az

2022-ci ilin payızında keçirilən Praqa görüşü münaqişənin diplomatik müstəvidə dönüş nöqtəsi kimi tarixə düşdü. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan görüşdə Ermənistan ilk dəfə olaraq rəsmi şəkildə Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Bu, Azərbaycanın suverenliyinin və sərhədlərinin Sovet İttifaqının dağılmasından sonra formalaşmış hüquqi baza əsasında qəbul edilməsi demək idi. Baş nazir Nikol Paşinyan açıq şəkildə bildirdi ki, Ermənistanın dövlət müstəqilliyini və təhlükəsizliyini qorumağın yeganə yolu Azərbaycanın ərazi bütövlüyünü, Qarabağı onun tərkib hissəsi kimi tanımaqdan keçir.

Bu mövqe artıq abstrakt siyasi bəyanat yox, post-müharibə geosiyasi reallığın Ermənistan tərəfindən rəsmən qəbul edilməsi idi. Praqada əldə olunan bu razılaşma sonrakı mərhələdə Brüssel formatında aparılan danışıqlara, eləcə də sülh sazişi gündəliyinin formalaşmasına hüquqi baza yaratdı. Beləliklə, 2020-ci ildə qazanılan hərbi qələbə 2022-ci ildə siyasi-hüquqi müstəvidə legitim təsdiqini tapdı və Azərbaycanın regional mövqeyi beynəlxalq platformalarda daha da möhkəmləndi.

Praqa razılaşması Rusiyanın bütün bəhanələrinin də üstündən xətt çəkdi. Rusiya rəsmiləri özləri indi də açıq etiraf edirlər ki, Paşinyanın Praqada Qarabağı Azərbaycan ərazisi kimi tanıması Moskvanın bu prosesdə hər hansı formada iştirakını tam məhdudlaşdırdı. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Dağlıq Qarabağın statusunun” müəyyənləşdirilməsinin gələcək nəsillərə saxlanmasına dair tezisinin olduğu sirr deyildi. Lavrov özü də bunu bəyan etmişdi.

Həm də bu faktdan aydın olurdu ki, Rusiya Qarabağ münaqişəsinin Azərbaycanın istəklərinə uyğun başa çatmasında, bu münaqişə ocağının birdəfəlik sönməsində maraqlı deyil, sülhməramlılarını isə burada uzun müddət saxlamaq niyyətindədir. Lakin rəsmi Bakı Ermənistanı və onun rəhbərini Qarabağı Azərbaycan ərazisi kimi tanımağa məcbur etməklə, dolayısı yolla Rusiyanı da prosesdən birdəfəlik kənarlaşdırmış oldu. Məhz bu strateji düşüncə və gedişlər Azərbaycanın məqsədinə çatmasına imkan verdi.

Rusiya sülhməramlılarının rolunun məhdudlaşması

Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolundakı vəziyyətin həlli ilə bağlı  təkliflər verib

Praqa görüşündən sonra Cənubi Qafqazda yeni geosiyasi reallıq yarandı. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması fonunda bölgədə yerləşən Rusiya sülhməramlı kontingentinin funksional rolu tədricən formal xarakter almağa başladı. 2020-ci il 10 noyabr bəyanatına əsasən, onların əsas missiyası qanunsuz silahlı birləşmələrin ərazidən çıxarılması və təhlükəsizliyin təmin olunması idi. Lakin faktiki vəziyyət göstərdi ki, separatçı qurumun silahlı dəstələri tərksilah edilmədi, əksinə, silah saxlama, mövqe qurma, mina basdırma kimi fəaliyyətləri davam etdirdilər. Rusiya sülhməramlıları özü buna şərait yaradırdı.

Bundan əlavə, Laçın yolu üzərindən nəzarətsiz hərəkətlər, qanunsuz iqtisadi fəaliyyət və silah-sursat daşınması bölgədə riskləri daha da artırdı. Rusiya sülhməramlılarının bu proseslərə adekvat təsir göstərə bilməməsi, əksinə, erməni silahlılarına dəstək verməsi, onların Azərbaycan əleyhinə hərbi cinayətlərinə göz yumması Bakını lazımı addımları atmağa sövq elədi. Bakı Qarabağ ərazisində qeyri-qanuni silahlı dəstələrin mövcudluğunu haqlı olaraq Azərbaycanın suverenliyinə, həm də regional təhlükəsizliyə birbaşa təhdid kimi qiymətləndirdi.

Məhz bu reallıq 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərinə siyasi-hüquqi zəmin yaradan əsas amillərdən biri oldu. Azərbaycan dövlətinin əsas məqsədi beynəlxalq hüquqa uyğun olaraq öz ərazisində vahid hüquqi rejimi bərpa etmək və qanunsuz silahlı qruplaşmaları neytrallaşdırmaq idi.

Laçın yolu böhranı və Ruben Vardanyan ssenarisi

Ruben Vardanyan Laçın yolunun blokadada olmadığını etiraf edib - "İki sahil"

Bu dövrdə Rusiyadan Ruben Vardanyanın xüsusi missiya ilə bölgəyə göndərilməsi prosesləri daha da mürəkkəbləşdirdi. Qısa müddətdə o, Qarabağda separatçı strukturların maliyyə-siyasi idarəçiliyində avanqard fiqura çevrildi və özünü “yerli rəhbərlik” kimi təqdim etməyə çalışdı. Onun gəlişi ilə paralel olaraq Laçın yolu üzərində qeyri-şəffaf iqtisadi fəaliyyət, sərvətlərin qanunsuz daşınması, nəzarətsiz yüklərin keçirilməsi və logistika kanallarının qeyri-rəsmi idarə edilməsi halları artdı. Bu isə bölgədə gərginliyi daha da dərinləşdirdi və Azərbaycanın suverenlik hüquqlarına açıq şəkildə ziddiyyət təşkil etdi.

Məhz bu səbəbdən Azərbaycan vətəndaş cəmiyyəti və ekoloji təşkilatların iştirakı ilə Laçın yolu üzərində aksiyalar keçirildi. Aksiya iştirakçıları bölgədə qanunsuz faydalı qazıntıların istismarı, ekoloji tələblərin pozulması və qeyri-qanuni iqtisadi dövriyyəyə etiraz edirdi. Nəticədə yol üzərində monitorinq və nəzarət mexanizmləri gücləndirildi, qanunsuz daşınmaların qarşısı əhəmiyyətli dərəcədə alındı.

Bu proses bir daha göstərdi ki, Ruben Vardanyanın bölgəyə gətirilməsi əməli şəkildə separatizmin siyasi və iqtisadi dayanıqlığını artırmağa yönəlmiş layihə xarakteri daşıyırdı. Lakin Azərbaycan dövlətinin siyasi iradəsi və hüquqi mövqeyi bu planların qarşısını aldı və suverenlik prinsipinin icrasını daha da sürətləndirdi, Rusiyanın məqsədlərini alt-üst etdi.

2023-cü ilin sentyabrı: lokal antiterror tədbirləri

Antiterror tədbirləri tariximizin qürur duyulası səhifəsidir”

2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələri Qarabağ ərazisində lokal antiterror tədbirləri həyata keçirdi. Rusiya sülhməramlı missiyanın bölgədə mövcudluğuna baxmayaraq, separatçı silahlı qrupların tərksilah edilməməsi və yeni mövqelər qurması əməliyyatı labüd etmişdi. Bu əməliyyat beynəlxalq hüququn tələblərinə uyğun olaraq, ölkənin suveren ərazisində mövcud olan qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi, təxribatların qarşısının alınması və konstitusion quruluşun tam bərpası məqsədilə reallaşdırıldı.

Əməliyyat yüksək peşəkarlıqla və qısa zaman kəsiyində icra olundu, mülki əhalinin təhlükəsizliyi qorundu. Qondarma qurumun silahlı birləşmələri müqavimət göstərmək imkanlarının olmadığını anlayaraq silahı yerə qoydu və tərksilah olundu. Bununla Azərbaycanın dövlət suverenliyi və hüquqi rejimi ölkənin bütün ərazisində birmənalı şəkildə bərpa edildi.

Bu proses eyni zamanda separatçı lider heyətinin məsuliyyətə cəlb olunması və qanunun aliliyinin təmin edilməsi üçün hüquqi baza yaratdı. Beləliklə, 2020-ci ildə əldə edilən hərbi qələbə 2023-cü ildə tam suveren nəzarətin bərpası ilə siyasi-hüquqi reallığa çevrildi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu.

Bakıda “Nürnberg modeli”

Erməni hərbi cinayətkarların sayı 15 nəfərlə bitmir — 'Kaspi'nin ŞƏRHİ

Qarabağda fəaliyyət göstərən qondarma separatçı qurumun rəhbər heyəti həbs olunaraq Bakıya gətirildi, onların barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri əsasında cinayət işləri açıldı, hazırda ədalət məhkəməsi qarşısında cavab verirlər. İttihamlar sırasında müharibə cinayətləri, separatçılıq və dövlət əleyhinə fəaliyyət, qanunsuz silahlı birləşmələr yaratmaq və idarə etmək, Azərbaycanın konstitusion quruluşunu zorla dəyişməyə cəhd, qanunsuz silah-sursat saxlamaq, mülki əhaliyə qarşı cinayət əməlləri və dövlət sərhədindən qanunsuz keçid kimi maddələr yer aldı. Saxlanılan zamanı onlara vəkil tutulması, tərcümə təminatı, istintaq zamanı hüquqlarının qorunması kimi prosedurlar həyata keçirildi. Bu isə prosesin emosional intiqam deyil, sübutlara, istintaq materiallarına, şahid ifadələrinə və ekspert rəylərinə əsaslanan hüquqi araşdırma olduğunu göstərdi.

Bu yanaşma mahiyyət etibarilə “müasir Nürnberq modeli”nin Bakıda tətbiqi kimi dəyərləndirilə bilər. Necə ki, İkinci Dünya Müharibəsindən sonra Nürnberq prosesi kollektiv günah prinsipini rədd edib fərdi məsuliyyət mexanizmini formalaşdırdı, Azərbaycanda da məsuliyyət etnik və ya milli zəmində deyil, konkret cinayət tərkibi sübuta yetirilmiş əməllər üzrə fərdiləşdirilmiş qaydada müəyyən edildi. Bu, hüquqi dövlət quruculuğunun əsas prinsiplərinə – ədalət, proporsionallıq, insan hüquqlarının təminatı və məhkəmələrin müstəqilliyi standartlarına uyğun yanaşmadır.

Beləliklə, Azərbaycan beynəlxalq ictimaiyyətə açıq mesaj verdi: ədalət yalnız siyasi bəyanatların obyekti deyil, real hüquqi mexanizmlərlə təmin olunmalıdır. Separatçılıq və qanunsuz silahlı fəaliyyətlərə verilən cavab hüququn aliliyi çərçivəsində reallaşdırıldı və bu, post-münaqişə dövründə dayanıqlı sülh və təhlükəsizliyin əsas təminatçılarından birinə çevrildi.

Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi

TƏCİLİ! Rus sülhməramlıları Azərbaycanı tərk edir: proses başladı - VİDEO -  Globalinfo.az

Bölgədə yaranmış yeni reallıq fonunda Rusiya sülhməramlı kontingentinin Qarabağda uzun müddət qalmasına obyektiv əsaslar tədricən aradan qalxdı. 2020-ci il 10 noyabr bəyanatına görə bu qüvvələrin mandatı 2025-ci ilə qədər nəzərdə tutulsa da, antiterror tədbirlərindən sonra bölgədə artıq qanunsuz silahlı dəstə və təhdid mənbəyi qalmadı. Bu şərtlər altında sülhməramlıların funksional rolu minimuma endi və kontingentin Azərbaycan ərazisini planlaşdırılandan daha tez tərk etməsi barədə razılaşma əldə olundu. Bu addım faktiki olaraq göstərdi ki, Cənubi Qafqazda təhlükəsizlik arxitekturası köklü şəkildə dəyişib.

Beləliklə, regionda təhlükəsizliyin əsas təminatçısı birbaşa Azərbaycan dövləti oldu. Dövlət sərhədlərinə nəzarət bərpa edildi, suveren yurisdiksiya bütövlükdə tətbiq olundu, post-münaqişə təhlükəsizlik sistemi isə milli institutlar üzərində formalaşdırıldı. Bu, həm Azərbaycanın güclənmiş hərbi-siyasi imkanlarının göstəricisi, həm də beynəlxalq hüququn əsas prinsiplərindən olan suverenlik və ərazi bütövlüyünün praktiki reallaşması kimi dəyərləndirilir.

Nəticədə Cənubi Qafqazda yeni, milli təhlükəsizlik və suveren cavabdehlik modelinə əsaslanan mərhələ başladı. Azərbaycan artıq proseslərin obyekti deyil, təhlükəsizlik məkanının formalaşdırıcısı statusunda çıxış edir və bu, regionda sülhün və sabitliyin dayanıqlılığını artıran əsas amillərdən biri hesab olunur.

Delimitasiya və demarkasiya prosesi, Qazaxın dörd kəndi

Qazaxın 4 kəndi qaytarıldı: Azərbaycan hərb meydanında qələbəsini  diplomatik sahədə davam etdirir - TƏHLİL

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin ilk dəfə delimitasiya və demarkasiyası prosesi baş verdi. Bu proses Qazax istiqamətində real nəticələr verdi. SSRİ dövrünün hüquqi-sənəd əsaslı xəritələri və Alma-Ata Bəyannaməsinin prinsipləri nəzərə alınmaqla aparılan danışıqlar nəticəsində Qazax rayonunun uzun illər işğal altında olmuş Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızıl Hacılı kəndləri heç bir hərbi toqquşma olmadan, tam dinc razılaşma yolu ilə Azərbaycana qaytarıldı. Bu fakt sübut etdi ki, Ermənistan tərəfi də de-yure sərhədlərin məhz beynəlxalq hüquqa uyğun müəyyənləşdirilməsi zərurətini qəbul edib.

Kəndlərin qaytarılması yalnız inzibati ərazi məsələsi deyildi – bu, Azərbaycanın diplomatik kanallar üzərindən sülh gündəliyinə sadiqliyinin, eyni zamanda güc balansının artıq dəyişməz şəkildə Bakıdan yana formalaşdığının göstəricisi idi. Ən önəmlisi isə odur ki, hərbi eskalasiyaya yol verilmədən həyata keçirildi.

Beləliklə, region üçün açıq mesaj formalaşdı: sülh və ədalətli sərhəd bərpası təkcə hərbi yolla deyil, siyasi-hüquqi mexanizmlərlə də mümkündür. Bu, həm delimitasiyanın növbəti mərhələlərinə presedent yaratdı, həm də Cənubi Qafqazda diplomatik dialoqun real nəticə verə biləcəyini nümayiş etdirdi.

Vaşinqton anlaşması: siyasi qələbənin hüquqi manifesti

Beynəlxalq təşkilatlar Vaşinqton görüşünü və əldə olunan nəticələri  alqışlayır - REZUME

2025-ci il 8 avqust tarixində Vaşinqtonda qəbul edilən Birgə Bəyannamə ilə sülh sazişinin paraflanması Azərbaycanın 2020-ci ildə başlanan tarixi yolunun diplomatik kulminasiyası oldu. ABŞ Administrasiyasının vasitəçiliyi ilə imzalanan bu sənəd, əslində, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində formalaşmış reallığın beynəlxalq hüquqi səviyyədə təsbit edilməsini ifadə edirdi. Saziş Azərbaycanın ərazi bütövlüyünün dəyişməz prinsip kimi tanındığını, dövlət suverenliyinə tam və birmənalı hörmət öhdəliyinin qəbul edildiyini və Ermənistanla uzun illər davam edən münaqişənin hüquqi baxımdan artıq bağlandığını rəsmən təsdiq etdi. Bu paraflama təkcə iki ölkə arasında razılaşma deyil, həm də Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının beynəlxalq legitimlik qazanması demək idi. Siyasi baxımdan Azərbaycan artıq regional sabitliyin qurucusu və müəyyənedici aktoru kimi qəbul olundu. Hüquqi baxımdan isə sənəd Azərbaycanın 1991-ci ildən bəri tanınan sərhədlərinin toxunulmazlığını təsdiqləyən mühüm normativ baza rolunu oynadı. Beləliklə, Azərbaycan hərbi zəfərini diplomatik müstəvidə möhkəmləndirərək hüquqi reallıqla tamamladı və dünyaya nadir rast gəlinən “tam və mütləq qələbə modeli”ni ortaya qoydu. Bu model lider–xalq–ordu həmrəyliyinin, strateji siyasi iradənin və beynəlxalq hüquqa əsaslanan dövlətçilik fəlsəfəsinin məntiqi nəticəsi kimi tarixə düşdü.

Qələbənin əsası: Lider-xalq-ordu birliyi

Qətiyyətli Lider-Müzəffər Ordu-yenilməz Xalq birliyi

Bütün bu proseslər aydın şəkildə göstərdi ki, Azərbaycan modelinin əsas sütununu lider, xalq və ordunun sarsılmaz həmrəyliyi təşkil edir. Məhz bu birlik hərbi qələbəni mümkün etmiş, strateji siyasi qərarların ardıcıl və fasiləsiz icrasına şərait yaratmış, paralel olaraq hüquqi mexanizmlərin işləkliyini və legitimliyini təmin etmişdi. Dövlətin siyasi iradəsi, ordunun peşəkarlığı və cəmiyyətin milli həmrəyliyi bir-birini tamamlayan vahid sistem kimi çıxış edərək, Azərbaycanın qarşıya qoyduğu məqsədlərə nail olmasını təmin etdi. Bu baxımdan Azərbaycan İkinci Dünya Müharibəsindən sonrakı dövrdə tam və mütləq qələbə əldə edən nadir dövlətlərdən biri kimi tarixə düşdü və öz dövlətçilik modelinin real səmərəsini həm hərbi, həm siyasi, həm də hüquqi müstəvidə nümayiş etdirdi.

Yeni mərhələ: bərpa, reinteqrasiya və sülh gündəliyi

Armenian minority exposes lies of separatist regime: there is no famine in  Garabagh

Bu gün Qarabağda yeni tarixi mərhələ başlayıb. Artıq müharibə səhifəsi bağlanıb və dövlət öz diqqətini sistemli bərpa və quruculuq işlərinə yönəldib. Azad edilmiş ərazilərdə şəhərlər və kəndlər müasir planlaşdırma prinsipləri əsasında yenidən salınır, yollar, enerji xətləri, kommunikasiya infrastrukturu qurulur, hava limanları, sənaye parkları və sosial obyektlər inşa edilir. Ən mühüm istiqamətlərdən biri isə sakinlərin təhlükəsiz və mərhələli şəkildə doğma torpaqlarına qayıdışıdır. Bu proses yalnız fiziki köç deyil, həm də sosial-humanitar reinteqrasiyanın təmin edilməsi, insanların ləyaqətlə və rifahla yaşaya biləcəyi mühitin yaradılması deməkdir.

Azərbaycan bununla sübut etdi ki, münaqişəni yalnız hərbi baxımdan bitirmək kifayət deyil - əsas məqsəd dayanıqlı sülhün təmin edilməsi, yeni təhlükəsizlik və inkişaf fəlsəfəsinin qurulmasıdır. Bu mənada Azərbaycan təkcə müharibəni başa çatdırmadı, həm də bütün Cənubi Qafqaz üçün sabitlik, əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan müasir regional model yaratdı.

Nəticə

The 28th of May - Azerbaijan - Stories - Caspianpost.com

Azərbaycanın mütləq qələbəsi üç fundamental reallıq üzərində formalaşdı.

Birincisi, hərbi qələbə nəticəsində uzun illər davam edən işğala son qoyuldu, ölkənin suverenliyi tam bərpa edildi.

İkincisi, bu hərbi reallıq siyasi səviyyədə tanındı, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq müstəvidə təsdiqləndi.

Üçüncüsü isə hüquqi məsuliyyət mexanizmlərinin tətbiqi ilə ədalət məhkəmə müstəvisində təmin olundu, müharibə cinayətlərində, separatçı fəaliyyətlərdə iştirak etmiş şəxslər fərdi qaydada cavab verməli oldular.

Beləliklə, Azərbaycanın qazandığı qələbə bir dövlətin siyasi iradəsinin, xalqın milli həmrəyliyinin və ordunun gücünün tarixi təntənəsi kimi tarixə yazıldı. Özü də bu qələbə təkcə müharibənin bitməsi ilə məhdudlaşmır - regionda sabit sülhə, reinteqrasiyaya və sosial-iqtisadi inkişafın yeni mərhələsinə açılan strateji bir qapı rolunu oynayır. Azərbaycanın təqdim etdiyi bu model göstərdi ki, hərbi, siyasi və hüquqi amillərin sintezi üzərində qurulan dövlətçilik fəlsəfəsi dayanıqlı və uzunmüddətli nəticələrə gətirib çıxarır.

Faiq Mahmudov

ONA

Teqlər:

SON XƏBƏRLƏR