Cənubi Qafqaz regionundakı yeni reallıqları qəbul etməyən Ermənistan özünə yeni himayədarlar, müttəfiqlər axtarışındadır. Bu kontekstdə İrəvanın ən çox istinad etdiyi siyasi mərkəz Fransadırsa, hərbi əməkdaşlıq baxımından önə çıxan ölkə Hindistandır. Cənubi Qafqazın autsayderi durumunda olan Ermənistan və onun xaotik, qeyri-ardıcıl xarici siyasət xətti yürüdən hakimiyyəti Hindistanı öz əsas hərbi tərəfdaşlarından biri seçib. Təsadüfi deyil ki, son illər Ermənistan silah bazarında ənənəvi tərəfdaşı Rusiyadan deyil, məhz Hindistandan silah alır.
Lakin burda bir önəmli məqam var. Hazırda Hindistan dünya silah bazarında satıcı yox, daha çox alıcı qismində tanınır. Hətta xaricdən silah alışına görə dünya birincisidir. Bu, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) bir neçə gün öncə dərc etdiyi beynəlxalq silah transferləri ilə bağlı hesabatında əksini tapıb.
Hesabata görə, Hindistan dünyanın ən çox silah idxalçısı olub. Bu ölkənin silah idxalı 2014-2018 və 2019-2023-cü illər arasında 4,7 faiz artıb, son 20 ildə ölkə silah alınmasına 60 milyard dollardan çox vəsait xərcləyib.
Ölkənin müdafiə naziri Racnatx Sinqx isə yaxın 10 ildə ölkənin silah və silah-sursat alışına 100 milyard dollara qədər vəsait xərcləməyi planlaşdırdıqlarını deyib.
Yəni, Ermənistana silah satan Hindistan özü başqa ölkələrdən silah alır və raketlər, təyyarələr, döyüş gəmiləri istehsal etmək üçün tələb olunan kritik texnologiyalara sahib deyil. Əksinə, silah alarkən onların hazırlandığı texnologiyaları da əldə etməyə çalışır. Məsələn, 2023-cü ildə ABŞ “General Electric” şirkətinin Hindistanda bu ölkənin döyüş təyyarələri üçün mühərriklər istehsal etməsi ilə bağlı razılaşma əldə edilib.
Bundan əlavə, Hindistan özünün ən yeni təyyarədaşıyan gəmisi üçün Fransadan qırıcı təyyarələr almağı düşünür, həmçinin, fransız, alman və ya ispan texnologiyasından istifadə edərək sualtı qayıqlar və ABŞ-la Fransa istehsalı olan mühərriklə işləyən döyüş təyyarələri istehsal etmək istəyir.
Daha bir maraqlı məqam Hindistanın Rusiya silahının ən böyük alıcı olması faktıdır. Belə ki, Hindistan ordusunun silah arsenalının 65%-i Rusiyadan alınmış silahlardır. Hindistan hərbi sənayesinin uğuru kimi təqdim edilən “BrahMos” raketləri həm də Rusiyanın hərbi-texniki əməkdaşlıq çərçivəsində ötürdüyü texnologiyalar əsasında hazırlanıb.
Ermənistanın da almağa maraq göstərdiyi “BrahMos” raketləri Rusiyanın “Oniks” raketləri əsasında hazırlanıb, yaxud bu yaxınlarda rəsmi İrəvanın Hindistandan aldığı “Pinaka” reaktiv yaylım atəş sistemləri Rusiyanın “Smerch” sisteminin texnologiyası əsasında istehsal olunur. Hindistandan alınan “Konkurs” tank əleyhinə raketləri də Rusiyanın verdiyi patent əsasında hazırlanıb.
Beləliklə, Hindistanın Ermənistana satdığı eksperimental xarakterli, heç bir müharibə və döyüş sınağından çıxmamış silahların əksəriyyəti - "Akaş" hava hücumundan müdafiə kompleksi, "ATAGS" haubitsaları, “MArG 155” özüyeriyən haubitsalarının keyfiyyəti və dəqiqliyi ciddi sual altındadır. Maraqlı məqam odur ki, Hindistan Ermənistanı bu silah və texnikaların sınaqdan keçiriləcəyi poliqon gözündə görür.
Digər tərəfdən, uzun illər Rusiyadan KTMT üzvü kimi daxili bazar qiymətlərinə, eləcə də pulsuz silah əldə edən Ermənistan yeni hərbi-siyasi partnyoru Hindistandan yüksək qiymətə və heç bir keyfiyyət təminatı olmayan silahlar əldə edir.
Bu yerdə Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyanın bu günlərdə yerli mətbuata müsahibəsindəki fikirlərini xatırlatmaq yerinə düşür. Karapetyan mövcud hakimiyyətin hərbi-texniki sahədə siyasətini tənqid edərək bildirib ki, Hindistandan alınmış silahlar artıq bir ildir, Ermənistandadır, lakin bu silahlar yararsız vəziyyətdədir. “Mənim əlimdə sənəd var ki, Hindistan silahlarını artıq bir ildir ki, təmir edib, xidmətə hazır vəziyyətə gətirmək mümkün olmur”, - deyə sabiq nazir vurğulayıb.
Göründüyü kimi, Hindistanın milyonlarla qiymətə Ermənistana yararsız və keyfiyyətsiz silah və texnikalar sırıyır. Rəsmi Dehli Ermənistandan yalnız öz silahlarını reklam etmək, iri silah ixracatçısı statusu əldə etmək üçün vasitə kimi yararlanır. Təbii ki, hindistanlılar reklamla yanaşı, öz maliyyə maraqlarını da unutmur.
Azərbaycan isə Ermənistanın bu silah sövdələşmələrini diqqətlə izləyir və buna uyğun əks-addımlar atır. Azərbaycan Ordusunun arsenalındakı müasir raket sistemləri Hindistanın Ermənistana satdığı bütün silahları qısa müddətdə və yüksək dəqiqliklə məhv etməyə imkan verir.
APA Analytics