• TƏHLİL

    11:12 30 yanvar 2024

Ermənistan sürətlə silahlanır, sülh gündəliyinə süni maneələr yaratmağa çalışır - TƏHLİL

2023-cü ilin payızında Azərbaycanın Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirərək ərazi bütövlüyünü bərpa etməsi Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əlverişli zəmin yaratdı. Rəsmi İrəvanın da bütün açıqlamalarında Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasını açıq şəkildə bəyan etməsi, nəhayət ki, sülh müqaviləsinin imzalanmasına əsaslı ümidlər yaratmışdı.

Hətta sülh müqaviləsinin 2023-cü ilin sonuna qədər imzalanması ilə bağlı nikbin ehtimallar səslənirdi.

Amma 2023-cü ilin payızında Azərbaycanın və dünya ictimaiyyətinin sülh müqaviləsinin imzalanması ilə bağlı gözləntiləri Ermənistan Baş naziri Nikol Paşinyan və komandası tərəfindən növbəti dəfə pozuldu.

Azərbaycanın sülh müqaviləsi üzrə təkliflər paketinə Ermənistan XİN-in cavabının 2 aydan çox gecikdirilməsi, Ermənistanın sülh danışıqlarını Rusiyanın iştirakı olmadan, Avropadakı platformalarda üçüncü ölkələrin iştirakı ilə aparılması və s. istəkləri prosesdə tormozlayıcı effekt yaratdı.

Buna paralel olaraq Ermənistan hakimiyyəti sülhə sadiqliyindən danışarkən silahlanmaya, orduda islahatlar aparmağa da davam etdi. 2023-cü il boyu Hindistan və Fransadan silah alınmasına dair bir sıra müqavilələr imzalandı. Xüsusən, Rusiyanın silah bazarına alternativ kimi görülən Hindistandan güllə və qumbaradan tutmuş, tank əleyhinə “Konkurs-M” raketləri, 90 ədəd 150 mm-lik “ATAGS” haubitsları, 80 mm-lik artilleriya qurğuları və “Pinaka” yaylım atəşli reaktiv sistemin 4 batareyası alındı. Hazırda Ermənistan bu ölkədən orta mənzilli “Akaş” zenit-raket kompleksi, pilotsuz uçuş aparatları (PUA) və onlara qarşı mübarizə sistemləri almaq planları üzərində işləyir.

Bununla yanaşı, Ermənistan Fransadan 3 ədəd GM 200 radar sistemi, 50 ədəd “Bastion” tipli 24 zirehli texnika satın alıb və “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcəkdə alınmasına dair müqavilə imzalayıb.

Göründüyü kimi, sülh və regional sabitlikdən danışan Ermənistan sülh müqaviləsinin imzalanmasını süni şəkildə ləngidir və sürətlə hərbləşməyə gedir.

Bu azmış kimi, rəsmi İrəvan 2024-cü il üçün 1,4 milyard dollar həcmində təsdiqlədiyi hərbi xərclərinə əlavə olaraq, müdafiə ehtiyacları üçün əlavə 500 milyon dollar rezerv vəsait ayırmağı nəzərdə tutur. Bununla da, Paşinyan hökuməti sosial rifahı təmin etmək yerinə, hərbi xərclərini faktiki olaraq 2 milyard dollar həcminə çatdırıb.

Yanvarın 28-də Nikol Paşinyan səsləndirdiyi fikirlər bu baxımdan rəsmi İrəvanın sülh gündəliyinin saxta olmasına, revanşizm meyllərinə sürüklənməsinə dair eyhamlarla zəngin oldu.

Paşinyan çıxışında Ermənistanın son illərdə xarici ölkələrlə bir neçə milyard dollarlıq silah müqavilələri imzaladığını, öz hərbi sənayesinə bir neçə yüz milyon dollar dəyərində sifarişlər verdiyini bildirib.

O, həmçinin, orduya qadınların cəlb olunmağa davam etdiyini, ordunun ehtiyat qüvvələrinin formalaşdığını, bunun üçün 25 günlük hərbi toplanışların müntəzəm əsaslarda keçirildiyini xatırladıb.

Faktiki olaraq, Nikol Paşinyan Ermənistanın hərbləşməyə doğru getdiyini açıq şəkildə vurğulayır, amma paralel olaraq Azərbaycana guya gərginliyi azaltmağa yönəlmiş populist və reallaşması qeyri-mümkün təkliflər edir.

Onların sırasında qoşunların sərhəddən güzgü effekti əsasda geri çəkilməsi, sərhədlərin demilitarizasiyası, qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt yer alır.

Nikol Paşinyan təkliflərinin absurd və icrasının qeyri-real olduğunu özü də yaxşı anlayır. Əksinə, bununla, hərbləşmə siyasətinə “özünümüdafiə” donu geyindirmək, beynəlxalq birliyin gözü önündə sülh təşəbbüskarı kimi görünmək istəyir.

Amma təbii ki, onun bu primitiv diplomatik oyunları istər Bakı, istərsə də digər regional oyunçular tərəfindən aydın görünür. Bu Azərbaycan Xarici İşlər Nazirliyinin Paşinyanın təklifləri ilə bağlı cavabında da əksini tapıb.

“Qeyd edilənləri, habelə Baş nazir Paşinyanın da bildirdiyi kimi, ölkəsinin ciddi hərbləşmə siyasəti apardığını, son illərdə bir neçə milyard dollarlıq silah tədarükü müqavilələri imzalandığını, hərbi sənayeni inkişaf etdirdiyini nəzərə alaraq, Ermənistanın sülh prosesinə ciddi yanaşdığını iddia etməsi siyasi manipulyasiyadır. Bu kimi qərəzli bəyanatlar bölgənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilikdir”, - deyə XİN-in açıqlamasında deyilir.

Beləliklə, xarici himayədarlarının təsiri altında revanşizmə meyllənən Ermənistan sülh gündəliyinə süni maneələr yaratmağa və danışıqları faktiki olaraq sabotaj etməyə çalışır. Paşinyan hakimiyyətinin bu siyasətini davam etdirməsi nəinki Ermənistanı əbədi dalanda saxlayacaq, həm də ona artıq təsirindən çıxmağa başladığı dəmir yumruğun gücünü yenidən görməsinə səbəb ola bilər.

APA Analytics

ONA

Teqlər:

SON XƏBƏRLƏR