Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana iki günlük dövlət səfəri bir çox aspektlərdən, xüsusən siyasi, iqtisadi, təhlükəsizlik və mədəni-humanitar baxımdan önəm daşıyır.
Dünyanın ən nüfuzlu ölkələrindən olan Rusiya bu gün də dünyada və o cümlədən, Cənubi Qafqaz regionunda öz siyasi təsirini saxlayır. Rəsmi Bakının isə illərlə qurduğu xarici siyasət konsepsiyasında Rusiya önəmli və əsas tərəfdaşlardan biridir. Bu tərəfdaşlıq bərabərhüquqluluq və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurulub.
Rusiya tərəfi də Azərbaycanla münasibətlərdə məhz bu prinsiplərə üstünlük verir. Vladimir Putin dünən Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirdi ki, Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir.
“Bu münasibətlərin əsasını bərabərlik, bir-birinin maraqlarını nəzərə almaq və əlbəttə, əsrlər boyu xalqlarımızı birləşdirən sıx insani və mədəni bağlar təşkil edir”, - deyə V. Putin diqqətə çatdırdı.
İki ölkə arasında siyasi dialoq 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanmasından sonra daha da yüksək səviyyəyə qalxıb.
Həm Bakı, həm də Rusiya bu razılaşma üzrə öhdələrinə düşən razılaşmaları doğru-düzgün icra edir.
Bakı-Moskva əməkdaşlığının ən önəmli aspektlərindən biri Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması ilə bağlıdır.
Bu, xüsusən, Cənubi Qafqazda sülh prosesinin irəlilədilməsi və üçtərəfli bəyanatda təsdiq olunmuş Zəngəzur dəhlizinin açılması kontekstində vacibdir.
Bu amil Prezident İlham Əliyevin Rusiya lideri Putinlə avqustun 19-da Bakıda mətbuata bəyanatında yer alan fikirdə də özünü göstərir.
“Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır”, - deyə prezident açıqlamasında deyib.
Doğrudan da, Cənubi Qafqazın aparıcı ölkəsi Azərbaycan və regionun ən önəmli qonşularından olan Rusiya arasında münasibətlər nə qədər yaxşı olarsa, bölgə bir o qədər sabit və təhlükəsiz olacaq.
Siyasi faktor qədər iki ölkə arasında əməkdaşlıqda daha bir önəmli məqam iqtisadi amillərlə bağlıdır.
Ölkələr arasında ticarət dövriyyəsi 2023-cü ildə rekord - 4,5 milyard dollar səviyyəsinə çatıb ki, bu il həmin göstəricinin də yenilənəcəyi gözlənilir. Mövcud situasiyada Rusiyaya kənd təsərrüfatı, sənaye məhsullarını ixracını artıran Azərbaycan Rusiyadan gələn turizm axını, tranzit yükdaşımalarının kəskin artımı ilə üzləşib. Bu isə ticari-iqtisadi ilişkilərin yeni səviyyəyə yüksəlməsinə imkan yaradır.
İstər rəsmi Bakı, istərsə də rəsmi Moskva Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsində maraqlıdır. Bu dəhliz Rusiya-Ukrayna münaqişəsi və Ədən körfəzində husilərin aktivliyi səbəbindən təhlükəyə düşən ənənəvi nəqliyyat-logistika marşrutlarına uğurlu alternativ ola bilər.
“Biz ildə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin, bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər”, - deyə prezident İlham Əliyev rusiyalı həmkarı ilə görüşdən sonra səsləndirdiyi fikirlərlə bu mövzunun aktuallığını nümayiş etdirdi.
Paralel olaraq, Moskva və Bakı beynəlxalq platformalarda da uğurlu əməkdaşlıq edir. Rəsmi Bakı Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS-də statusunu və rolunu daha da artırmaq istəyir, hər iki təşkilata üzv olan Moskva tərəfindən bu yolda dəstək görür. COP29-un Bakıda keçirilməsini də dəstəkləyən rəsmi Moskva Azərbaycan tərəfindən də eyni pozitiv siqnalları alır.
Amma Rusiya ilə sıx və mehriban qonşuluq siyasəti yürütməsi Azərbaycanın Qərb ölkələri ilə əməkdaşlıqdan uzaqlaşması anlamına da gəlməməlidir. Rəsmi Bakı həmişə çoxvektorlu siyasət yürüdüb və heç bir hərbi-siyasi bloka qoşulmayıb. Qərblə Rusiya arasında geosiyasi gərginlik və Rusiya-Ukrayna müharibəsi fonunda balanslı, beynəlxalq hüququn normalarına uyğun mövqeyi ilə seçilib. Azərbaycan Ukraynaya dəfələrlə humanitar xarakterli dəstək göstərib və bu ölkənin siyasi rəhbərliyi ilə də konstruktiv dialoq qura bilib. Prezident İlham Əliyevin çətin geosiyasi şəraitdə fərqli qütblərdə olan ölkələrlə münasibətlər ideal balans qura bilməsi istər Ukrayna, istərsə də Rusiya ekspertləri, ictimaiyyəti tərəfindən qəbul olunub. Ona görə, Qoşulmama Hərəkatının sədri olmuş, beynəlxalq aləmdə dialoq və sülh məkanı kimi tanınan Azərbaycanın Rusiya-Ukrayna münaqişəsində vasitəçi olması, münaqişənin başa çatmasına töhfə verməsi real görünür. Beynəlxalq birlik Azərbaycanın bu sahədə təcrübəsindən yararlana bilər.
Prezidenti İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın bir sıra postsovet ölkələri kimi Qərblə Rusiya arasında münaqişə arenasına çevrilmədiyi də hər kəs tərəfindən qəbul olunur.
Rusiya-Ukrayna münaqişəsi fonunda rəsmi Bakının Qərblə münasibətlərində daha bir önəmli aspekt qaz nəqli ilə bağlıdır.
Belə ki, 2022-ci ilin fevralından enerji daşıyıcılarının nəqlini diversifikasiya etməyi qarşısına məqsəd qoyan Avropa İttifaqı Rusiya qazının Ukrayna üzərindən alınmasından tam imtina etdikdən sonra bu sahədə boşluğu doldurmaq üçün Azərbaycanla əməkdaşlığı artırmaqda maraqlıdır.
Aİ rəsmilərinin, yüksək çinli diplomatlarının açıqlamaları da təsdiq edir ki, məhz Ukrayna və Avropa İttifaqı bu layihənin həyata keçməsini Azərbaycandan xahiş ediblər. Yəni, bu layihə məhz Ukraynanın özünə və Avropa İttifaqına lazımdır.
Azərbaycan da tərəflərin xahişi əsasında bu addımı atır. Rəsmi Bakı Avropada, yaxud hər hansı digər regionda enerji böhranını yaranmamasına çalışır və yardım xahişi olduğu halda buna öz imkanları çərçivəsində dəstək verir.
Beləliklə, bir daha qeyd olunmalıdır ki, Prezident İlham Əliyevin beynəlxalq arenada yürütdüyü müdrik və uzaqgörən siyasət və diplomatiya sayəsində, Rusiya ilə balanslı və qarşılıqlı hörmətə əsaslanan yanaşma sayəsində Azərbaycan qarşısında duran tarixi missiyaları, xüsusən ərazi bütövlüyü məsələsini uğurla həll edib.
Bu kontekstdə, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərini Cənubi Qafqazda sülh və təhlükəsizliyin daha da möhkəmlənməsinə önəmli töhfə hesab etmək olar.
APA Analytics