Rusiya sülhməramlıları Qarabağda lazımdırmı? - [color=red]TƏHLİL[/color]
  • TƏHLİL

  • 18:44 28 Noyabr 2022

Rusiya sülhməramlıları Qarabağda lazımdırmı? - TƏHLİL

2020-ci ilin 44 günlük müharibəsinin sonunda imzalanmış 10 Noyabr bəyanatından sonra Rusiya sülhməramlı kontingentinin bölgəyə yerləşdirilməsi Rusiyanın münaqişənin tənzimlənməsi istiqamətində vasitəçilik fəaliyyətlərində nə qədər səmimi olduğunu göstərməsi, 30 il ərzində səsləndirilən bəyanat və çağırışlarda nəyi hədəflədiyini sübut etməsi baxımından unikal imkan idi.

Lakin təbii ki, Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarından başlıca gözlənti 10 Noyabr bəyanatının müddəalarının həyata keçirilməsinə dəstək vermələriydi. Təəssüf ki, əvvəllər olduğu kimi, Rusiya və onun Ordusu Azərbaycan xalqını bu dəfə də yanıltmadı. Məramı sülh sayılan Rusiya hərbçiləri daha çox Qarabağda sülhü əngəlləyən addımlara yol verməklə diqqət çəkirlər.

Əsas məqam odur ki, üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən, sülhməramlı kontingent Azərbaycanın Qarabağ bölgəsinə yerləşdiriləndə paralel olaraq qanunsuz erməni silahlı qüvvələrinin çıxarılması təmin edilməli idi. Lakin iki il keçməsinə baxmayaraq, ortada hələ də konkret nəticə yoxdur.

Rusiya sülhməramlıları nə 10 Noyabr bəyanatına uyğun olaraq qanunsuz erməni silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmağa çalışır, nə də öz fəaliyyətlərində tərəfsiz mövqe nümayiş etdirir. Əksinə, bu silahlı dəstələrə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan dəhliz və yollarla silah-sursat daşınır, Azərbaycan ərazilərinin çirkləndirilməsində istifadə edilən minalar çatdırılır. Cəmi bir həftə əvvəl Laçın rayonundakı Sarıbaba yüksəkliyinin şimal hissəsində qanunsuz erməni silahlı dəstələri tərəfindən basdırılan minaların aşkarlanması faktı da bunu sübut edir. 2021-ci ildə Ermənistanda istehsalı edilmiş bu minalar Azərbaycanın humanist məqsədlərlə istifadə edilməsi üçün Rusiya sülhməramlılarının nəzarətinə verdiyi Laçın dəhlizi vasitəsilə separatçı qüvvələrə silah-sursat daşınmasına təsdiq edir.

Məhdud sayda hərbi qulluqçu ilə məhdud müddətə - cəmi 5 illik bölgəyə göndərilən Rusiya kontingenti həm də sülhü qorumaqla tərəflər arasında etimad inşasına şərait yaratmalı idi. Bunun üçün onlardan ilk növbədə öz öhdəliklərini yerinə yetirmələri, neytrallıq sərgiləmələri tələb olunurdu. Lakin sülhməramlı kontingentin komandanlığının, eləcə də Rusiya Müdafiə Nazirliyinin ötən müddətdə Azərbaycana qarşı yol verdiyi yanlışlıqlar bu istiqamətdəki gözləntiləri doğrultmur.

Yol verilmiş səhvlərə nümunə olaraq Azərbaycanın yaşayış məntəqələrinin qondarma erməni adları ilə təqdim edilməsini göstərmək olar. Ağdərə və Xocavənd rayonlarının Rusiya Müdafiə Nazirliyi tərəfindən Mardakert və Martuni kimi qeyd olunması ermənilərin Azərbaycan xalqının tarixi toponimlərini dəyişdirmək cəhdlərinə dəstək verməklə yanaşı, iki ölkə arasında müttəfiqlik münasibətlərinə kölgə salır. Bu, həm də Rusiyanın rəsmi mövqeyi ilə də ziddiyyət təşkil edir.

Rusiya sülhməramlı komandanlığı toponim məsələsinin Azərbaycan üçün həssas olduğunu çox yaxşı anlayır. Azərbaycan xalqı ermənilərin işğal altındakı tarixi yurd-yuvamızı eybəcər adlarla çağırmasını yaxşı xatırlayır və bu qondarma adlar həmin dövrdə işğalın alçaldıcılığını artırmaqdan savayı bir məqsədə xidmət etmirdi. Bəs Rusiya Müdafiə Nazirliyinin ərazilərini bu cür qondarma adlarla göstərməsi nəyə xidmət edir? Sülhə xidmət etmədiyi aydındır. Ona görə də Rusiya MN, sülhməramlı komandanlığı bu məsələ ilə bağlı anlaşılmaz mövqeyini düzəltməli, Rusiyanın rəsmi mövqeyinə uyğunlaşdırmalıdır.

Azərbaycan haqlı olaraq öz ərazilərində, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi rayonlarında 3-cü növ hərbi birləşmələrin, qondarma qurumların və toponimlərin mövcudluğunu qəbul etmir.

Bundan başqa, Rusiya MN informasiya bülletenlərində birtərəfli, qərəzli mövqe tutaraq, Azərbaycan Ordusunun atəşkəsi pozmasına dair böhtan xarakterli məlumatlar paylaşır. Qeyri-qanuni erməni dəstələrinin atəşkəsi pozmasına dair Azərbaycan MN-in təqdim etdiyi faktları isə bülletenlərinə daxil etmir. Sarıbaba yüksəkliyində qanunsuz erməni silahlı dəstələri tərəfindən basdırılan minaların aşkarlandığı əraziyə Rusiya sülhməramlı kontingentinin komandanının iştirakı ilə baxış keçirilir, ancaq bu fakt da Rusiya MN-in hesabatında əksini tapmır. Bəlkə yoldaş Volkov hesab edir ki, həmin minaları Sarıbaba yüksəkliyinə quşlar dimdiyində daşıyıb?

Bu arada isə separatçı rejim artıq Rusiya sülhməramlılarının bölgədəki mövcudluğunu özünün mövcudluğu kimi, de-fakto vəziyyətin davam etdirilməsinin qarantı kimi qəbul etməyə başlayıb və bunun uzadılması üçün əlindən gələni edir. Şübhə yoxdur ki, qanunsuz erməni dəstələrinin Rusiya əsgərinin arxasında gizlənərək Xankəndinin bir addımlığındakı Azərbaycan hərbçilərinə atəş açmasının məqsədi Qarabağda gərginliyin davam etməsi görüntüsü yaradaraq sülhməramlıların mövcudluğuna süni ehtiyac formalaşdırmaqdır.

Rusiya sülhməramlılarının komandanlığı isə bunu bilsə də, həmin dəstələrə heç bir təzyiq göstərmir. Əksinə, ordumuzla bağlı reallıqdan kənar məlumatlar yaymaqla, öz xəritələrində tarixi Azərbaycan toponimlərini qondarma adlarla təqdim etməklə neytrallığını pozur, xoşagəlməz abı-havanın ömrünü daha da uzadır. Sülhməramlılar bu davranışları ilə bir ovuc separatçının və qanunsuz erməni dəstəsinin alətinə çevrildiyini anlamırmı? Yoxsa bu vəziyyət onların özlərinə də sərf edir?

Əminliklə söyləmək olar ki, həm Ermənistan rəhbərliyinin, həm də Qarabağdakı separatçı tör-töküntülərinin hazırda yeganə məqsədi Qarabağdakı Rusiya sülhməramlılarının mandatını uzatmaqdır. Ermənistanın baş naziri Paşinyan da son iki ildə sülhməramlı missiyaya uyğun gəlməyən fəaliyyətlə məşğul olan, Azərbaycan ictimaiyyətinin etimadını gündən-günə itirən Rusiya sülhməramlılarının mandatının qeyri-müəyyən müddətə uzadılmasını açıq şəkildə bəyan edir.

Lakin bu kontingentin məqsədi ermənilərlə azərbaycanlılar arasında ədavətin canlılığını qoruyaraq təsir rıçaqlarının ömrünü uzatmağa xidmət etmək olmamalıdır.

Azərbaycan xalqı Rusiya sülhməramlılarından birmənalı olaraq tərəfsizlik gözləyir. Bu, yalnız beynəlxalq hüququn normalarına, xüsusilə də ölkələrin ərazi bütövlüyü prinsipinə əsaslanıldığı zaman, eyni zamanda 10 noyabr bəyanatında göstərildiyi kimi, qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılması ilə mümkündür.

Son iki ildə Rusiya sülhməramlılarının davamlı olaraq anlaşılmaz mövqedən çıxış etməsi, ondan gözlənilənləri doğrultmaması “Azərbaycana sülhməramlı lazımdırmı” sualını meydana çıxarır. Rəsmi Bakı sülhməramlıların mandatının uzadılması məsələsini yəqin ki, məhz bu aspektdən qiymətləndirəcək.

Rusiya hərbi kontingentinin Qarabağdakı sülhməramlı fəaliyyəti 30 il davam etdirilən sülh danışıqları ilə bir çox paralelliyə malikdir. Sözügedən danışıqlar tarixi ədalətin, beynəlxalq hüququn prinsiplərinin bərqərar olunmasına xidmət etməkdən daha çox, ermənilərin işğal altındakı ərazilərdə de-fakto vəziyyəti əbədiləşdirməsinə yardım edən alətə çevirilmişdi. Bir gün Bakının səbri tükəndi və onilliklər boyunca davam edən işğalı 44 günə öz biləyinin gücü ilə bitirdi.

Ermənilərin sülh sözü keçən bütün anlayışları öz məqsədlərinə çatmaları üçün vasitəyə çevirməsi bizə yaxşı məlumdur. 30 il “sülh danışıqları”nı alətə çevirən ermənilər indi “sülh fəaliyyətini” öz məqsədləri üçün istismar etmək niyyətindədirlər. Lakin sağlam məntiq separatçılar və onların havadarlarının ötən dövrün hərbi-siyasi gedişatından nəticə çıxarmalı olduğunu deyir.

Həm ermənilər, həm də sülhməramlı kontingent de-fakto vəziyyətin saxlanılmasına deyil, bölgədə dayanıqlı sülhə çalışmalı və hər bir dövlət kimi Azərbaycanın da ərazi bütövlüyünə olan həssaslığını anlamağa borcludur.

30 il ərzində istehkamlar inşa edərək, müdafiə sədləri çəkərək möhkəmlənməyə çalışan ermənilərə Azərbaycan ordusu 44 günə alçaldıcı məğlubiyyət yaşatdı. İndi Xankəndini ovcunun içində görən, Laçını, Kəlbəcəri nəzarətə götürmüş, müasir müharibə təcrübəsi olan Azərbaycan ordusunun bu qanunsuz silahlı dəstələri tam zərərsizləşdirməsi üçün kiçik bir antiterror əməliyyatı kifayət edir.

Əvvəllər əbədi işğala inanan ermənilərin indi əbədi sülhməramlı fəaliyyətə inanması gələcək gərginliklərin toxumunu əkməkdən başqa bir şeyə xidmət etmir. Ermənilərin Azərbaycan ərazisindəki bundan sonrakı mövcudluğu yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində əldə edilmiş dayanıqlı sülhlə mümkündür. Yaxşı olar ki, Rusiya sülhməramlıları da bunu anlasın və fəaliyyətlərini bu istiqamətdə qurub, müddətləri bitəndə ölkələrinə dönsünlər.

APA Analytics

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR