Ötən gün bir ilk yaşandı.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı ilk dəfə birgə açıqlama yaydı.
Açıqlamada iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunduğu bildirildi.
Bu çərçivədə humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycanın 32 erməni hərbçisini, Ermənistanın isə öz növbəsində 2 azərbaycanlı hərbçini azad edəcək.
Bundan başqa, xoş niyyətin təzahürü olaraq, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə öz növbəsində, Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.
Birgə açıqlama bir çox aspektlərdən önəmli və vacib mesajlar verir. İlk növbədə, rəsmi Bakı və İrəvan üçüncü tərəflərin iştirakı olmadan, Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında birbaşa danışıqlar yolu ilə ciddi irəliləyiş əldə edib.
Bu, iki tərəfin təkbətək danışıqlar yolu ilə mövcud problemləri və ziddiyyətləri həll etməyə qadir olduğuna, diplomatiya, danışıqlar yolu ilə kompromislər əldə etdiyinə bariz nümunədir.
İki ölkə liderinin administrasiyasının ilk dəfə yaydıqları birgə açıqlama Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması, imzalanması, regionda sülhün bərqərar olması baxımından da mühüm addım, çoxdan gözlənilən ciddi irəliləyişdir.
Birgə açıqlama rəsmi Bakının bundan öncə dəfələrlə təklif etdiyi birbaşa danışıqların daha əlverişli, produktiv olduğunu, maksimal nəticəyə hesablandığını sübut edir.
Azərbaycan-Ermənistan münasibətlərinə nəzər saldıqda, nə ATƏT-in Minsk Qrupunun, nə onun həmsədrlərinin (ABŞ, Rusiya və Fransa) ayrı-ayrılıqda təşəbbüskarı olduqları danışıqlar, görüşlər, nə də ATƏT, BMT yaxud Aİ kimi platformalarda baş tutan danışıqlar Bakı ilə İrəvan arasında münasibətlərdə əsaslı dəyişikliyə yol açmayıb. Düzdür, həmin təşəbbüslərin bəziləri humanitar aspektdən faydalı olub, bəlli müsbət nəticələr verib, amma geniş anlamada həmin danışıqlar əsas missiyası – Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması baxımından əsaslı dəyişiklik yaratmayıb. Bəzi hallarda isə həmin danışıqlar “1 addım irəli, 2 addım geri” prinsipi ilə aparılıb.
Diplomatiyanın dalana dirəndiyi məqamda isə Azərbaycan özü təkbaşına 2020-ci ilin sentyabrında 44 günlük müharibə zamanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail oldu, hərbi yolla Ermənistanı beynəlxalq hüququn tələblərini yerinə yetirməyə vadar etdi.
Məhz Azərbaycanın hərb meydanındakı zəfərləri - 2020-ci ildəki 44 günlük müharibə və 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirdiyi antiterror tədbirləri regionda sülhə nail olmaq üçün əsas addımlar oldu.
Bu kontekstdə, Prezident İlham Əliyevin 2023-cü ilin mayında 3-də Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında söylədiyi fikirlərin doğruluğuna bir daha şahid oluruq.
“Düşünürəm ki, razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlardır”, - deyə dövlət başçısı qeyd etmişdi.
Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə açıqlaması Azərbaycan tərəfinin və ölkə başçısı İlham Əliyevin seçdiyi diplomatik strategiyanın düzgünlüyünü, verdiyi açıqlamaların doğruluğunu növbəti dəfə isbat edir.
Təəssüf ki Ermənistanın siyasi rəhbərliyi bu fikirlərin doğruluğunu yalnız sentyabrda Qarabağda keçirilən antiterror tədbirlərindən sonra dərk etməyə başladı. Bununla belə, rəsmi Bakının siyasi iradəsi və qətiyyəti sayəsində iki ölkə arasında artıq normallaşma prosesi və sülh müqaviləsi ilə bağlı danışıqlar aparılır.
Tərəflərin birgə açıqlaması sanki kənar qüvvələrə bir növ “bizim işimizə qarışmayın” mesajını da ötürür, regional problemlərin yalnız region ölkələri tərəfindən həll edilə biləcəyini göstərir. Azərbaycan və Ermənistan eyni zamanda beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırır.
Açıqlamada “Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcək” fikrinin yer alması tərəflərin saxlanılanların qarşılıqlı azad edilməsi aksiyası ilə kifayətlənməyəcəyinə, sülh danışıqlarını davam etdirəcəyinə inam yaradır.
Azərbaycan və Ermənistanın son addımları dünyanın böyük gücləri tərəfindən də razılıqla qarşılanıb, iki ölkə arasında etimad mühitinin yaradılması baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.
Beləliklə, baş verənlər Azərbaycanın və onun liderinin hərbi qələbəsini diplomatik nailiyyətlərlə möhkəmləndirdiyini sübut edir.
Görünən odur ki, Azərbaycanın strateji səbri və dəmir iradəsi sayəsində Cənubi Qafqaz regionu “sülh era”sına daxil olmağa çox yaxındır.
APA Analytics