Bu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 170 ölkəsindən 848,4 min və ya 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 0,1% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, gələnlərin 27,3%-i Rusiya, 26,8%-i Gürcüstan, 11,1%-i Türkiyə, 8%-i İran, 3,8%-i Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,8% olmaqla Ukrayna və Hindistan, 1,4%-i Pakistan, 1,3%-i İraq, 16,6%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 69,5%-ni kişilər, 30,5%-ni isə qadınlar təşkil edib.
Azərbaycana yanvar-aprel aylarında gələnlərin sayında daha çox artım Misir (2,2 dəfə), Səudiyyə Ərəbistanı (1,9 dəfə), Hindistan (1,8 dəfə), Türkmənistan (1,8 dəfə), Çin (1,6 dəfə), Yaponiya (37,1%), Kanada (31,8%), Pakistan (28,8%), Gürcüstan (22,6%), Polşa (20,8%) və Cənubi Koreya (20,5%) vətəndaşları arasında qeydə alınıb.
Hesabat dövründə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7% artaraq 34,2 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 27,5% azalaraq 142,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1% azalaraq 282 min nəfər olub.
Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 61,1%-i dəmir yolu və avtomobil, 38,1%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.
2019-cu ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,9% artaraq 1 636,4 min nəfər olub. Ölkə vətəndaşlarının 39,2%-i İrana, 27,2%-i Gürcüstana, 18,3%-i Rusiyaya, 9,7%-i Türkiyəyə, 5,6%-i isə digər ölkələrə gedib. Gedənlərin 66,6%-i kişilər, 33,4%-i isə qadınlar olub.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 79,7%, Gürcüstana gedənlərin sayı 10,6%, Rusiyaya gedənlərin sayı 6%, Türkiyəyə gedənlərin sayı isə 1,2% artıb.
Cari ilin yanvar-aprel aylarında xarici ölkələrə getmiş Azərbaycan vətəndaşlarının 83,7%-i dəmir yolu və avtomobil, 15,4%-i hava, 0,9%-i isə su nəqliyyatından istifadə edib.