Azərbaycanda İşgüzar Tədbirlər Sənayesi Alyansı formalaşdırılır.
Dövlət Turizm Agentliyindən ONA-ya verilən məlumata görə, bu məqsədlə aprelin 10-11-də Azərbaycan Konqreslər Bürosu ilə işgüzar tədbirlərin keçirilməsinə töhfə verə biləcək potensial tərəfdaşlar arasında görüşlər keçirilib.
İrimiqyaslı işgüzar tədbirləri keçirmək imkanına malik olan məkanlar, hotellər, həmçinin peşəkar konfrans təşkilatçıları, aviaşirkətlər, tur operatorların nümayəndələri ilə təşkil olunan görüşlərdə faydalı əməkdaşlıq barədə müzakirələr aparılıb. Görüşlər zamanı yaradılacaq təşkilatın strukturu, fəaliyyəti, gələcək planları haqqında məlumat verilib, sənaye iştirakçılarının fikirləri dinlənilib.
Müxtəlif mövzulu beynəlxalq konqres, konfrans, forum və biznes görüşlərin Azərbaycanda keçirilməsi turizmin şaxələndirilməsi və il boyu turizm imkanlarının təklif edilməsi baxımından əhəmiyyət kəsb edir. Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən ölkənin işgüzar turizm potensialını tanıtmaq və işgüzar məqsədlərlə Azərbaycana səfər edənlərin sayını artırmaq üçün daxili resursların sistemləşdirilməsi istiqamətində işlər görülür.