Demokratik İslahatçı Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ölkəmizin turizm potensialının təbliği mövzusunda beynəlxalq konfransın keçirilməsi” layihəsinin icrasına başlayıb.
İctimai Birlikdən ONA-ya verilən məlumata görə, layihənin məqsədi Azərbaycanın yalnız neft, idman yox, eyni zamanda turizm ölkəsi kimi də beynəlxalq ictimaiyyətə təqdim etməkdir: “Bu gün ölkəmizin inkişaf etmiş sahələrindən biri də turizmdir. Bilirsiniz ki, ölkəmizin turizm potensialı zəngin olduğundan Azərbaycanda turizmin bir neçə növü yüksək səviyyədə inkişaf edib. Digər sahələr isə inkişaf etməkdədir. Buna nümunə olaraq sağlamlıq-müalicə turizmini, qış turizmini, qastronomik, raftinq və s. növləri qeyd etmək olar. Bu layihə vasitəsi ilə keçiriləcək beynəlxalq konfransda ölkəmizin turizm sahəsinin inkişafı qonaqlara təqdim olunacaq. Düşünürük ki, bu konfrans Azərbaycana turistlərin cəlb edilməsinə müəyyən mənada yardım edəcək. Eyni zamanda ölkənin turizm şirkətləri ilə təcrübə mübadiləsi baxımından da əhəmiyyətli olacaq”.
Xatırladaq ki, layihə çərçivəsində iyunun 24-27 tarixlərində beynəlxalq konfransın keçirilməsi və Azərbaycanın bir neçə turizm obyektlərinə səfərin edilməsi nəzərdə tutulub.