"Dünya praktikasında çimərliklər ictimaidir və bizdə də belə olmalıdır ki, bütün insanlar çimərliklərdən istifadə etsinlər. Hansısa şirkət xidmət göstərmək istəyərsə, xidmət haqqı ala bilər".
APA-nın xəbərinə görə, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.
O bildirib ki, Dövlət Turizm Agentliyi bu ildən çimərliklərdə monitorinqlərə başlayıb: "Monitorinq Azərbaycanın bütün çimərliklərini əhatə edəcək. Çimərliklərdə həm mövcud vəziyyəti, həm də xidmətləri müəyyən etməyi istəyirik. Sonra biz Dövlət Turizm Agentliyi olaraq monitorinqin nəticələrini dövlət strukturlarına təqdim edəcəyik".
K.Quluzadə çimərliklərə girişin pulsuz olmasının tərəfdarı olduğunu deyib: "Biz hazırda vəziyyəti araşdırırıq. Yayın sonunda Azərbaycan üzrə ümumi vəziyyətin nəticələrini təqdim edəcəyik. Monitorinqin nəticələrindən asılı olaraq təkliflər hazırlayıb, müvafiq qurumlara təqdim edəcəyik. Qurum olaraq istəyirik ki, çimərliklər ictimai olsun".