• TURİZM

    11:50 3 aprel 2019

Sabah Bakıda Beynəlxalq Turizm və Səyahətlər sərgisi işə başlayacaq

Aprelin 4-də Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi (“AITF 2019”) işə başlayacaq. ONA-nın məlumatına görə, bu barədə bu gün sözügedən sərgiyə həsr olunmuş mətbuat konfransında bildirilib.

“AITF 2019” sərgisi Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosunun fəal dəstəyi və iştirakı ilə keçiriləcək.

“Bütün dünya. Bir sərgi” şüarı altında keçirilən “AITF 2019” sərgisində dünyanın 17 ölkəsindən 189 şirkət və təşkilat iştirak edir. Belarus, Bolqarıstan, Çex Respublikası, Çin, Dominikan Respublikası, Gürcüstan, İtaliya, Mərakeş, Tailand və Türkiyənin milli qrupları öz ölkələrinin milli turizm büroları və səfirlikləri tərəfindən göstərilən dəstək sayəsində sərgidə iştirak edir. Roqaşka Stalina (Sloveniya), Stavropol Regionu (Rusiya), Odesa, Truskavets və Lvovun kollektiv stendi (Ukrayna), İzmir (Türkiyə) regionları sərgidə regional stendlə çıxış edirlər. İranın Maku Azad Ticarət zonası isə sərgidə regional stendlə debüt edir. Milli və regional stendlərdə kurort və sanatoriyalar, turizm şirkətləri və mehmanxana şəbəkələrinin nümayəndələri çalışacaqlar.

Sərgidə Azərbaycanın stendi də təqdim olunacaq. Birinci zalda böyük sahəni əhatə edən bu stenddə həm xarici qonaqlar, həm də daxili turizm üçün ölkəmizin bütün turizm potensialı nümayiş olunacaq. Burada şəhər və regionlarda dincəlmək istəyənlər, eləcə də təbiətsevərlər və fəal istirahət həvəskarları maraqlı təkliflər ilə tanış ola biləcəklər.

Əvvəlki illərdə olduğu kimi, bu il də “AITF 2019” sərgisində təhsil turizmi, idman turizmi, turizm sahəsində informasiya texnologiyaları, ov və balıqçılıq və bir sıra digər sektorlar təqdim olunacaq. Artıq sərginin xüsusi sektoruna çevrilmiş “Tibbi və Sağlamlıq Turizmi” sektoru da ənənəvi olaraq sərgidə bir sıra ölkələri təmsil edən sanatoriyalar, sağlamlıq və SPA mərkəzləri tərəfindən geniş şəkildə təqdim ediləcək.

Bu il sərgini əlavə tədbirlər proqramı müşayiət edəcək. Belə ki, sərgidə təşkilatçılar tərəfindən B2B formatlı görüşlər üçün işgüzar platforma yaradılacaq və burada həm yerli, həm də xarici şirkətlərin nümayəndələri əməkdaşlıq və tərəfdaşlıq yollarını müzakirə etmək üçün bir-birləri ilə görüşə biləcəklər.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR