Avqustun 9-da Dövlət Turizm Agentliyinin tabeliyindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilib.
ONA-nın xəbərinə görə, bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.
Məlumata görə, yerli və xarici mütəxəssislərin, digər dövlət orqanlarının müsbət rəylərindən sonra sarayın fəaliyyətinin bərpa olunmasına qərar verilib.
Dövlət Turizm Agentliyi yerli və xarici turistləri yenidən saray ərazisində görməkdən məmnun olacağını bildirir və onları Şəki Xan Sarayını ziyarət etməyə dəvət edir.
Xatırladaq ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan bir nəfəri xəstəxanada ölüb. Hadisədən zərər çəkmiş 13 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. Yerdə qalan yaralıların müalicəsi xəstəxanalarda davam etdirilir. Saray ərazisində baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Turizm Agentliyi və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar. Dövlət Turizm Agentliyinin rəhbərliyinin qərarı ilə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlıdır.