Mənzillə təmin edilən qaçqın və məcburi köçkünlərin sayı açıqlanıb
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 16:14 05 Mart 2019

Mənzillə təmin edilən qaçqın və məcburi köçkünlərin sayı açıqlanıb

Keçən il 5 min 901 ailə və ya 27 minə yaxın məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

ONA-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd edilib ki, bundan əlavə, müvəqqəti məskunlaşma yerlərində aparılmış təmir işləri nəticəsində 158 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Hesabatda nəzərə çatdırılır ki, 2001-2018-ci illər ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 3,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik fərdi evlərdən, çoxmərtəbəli binalardan ibarət 102 müasir məhəllə, qəsəbə və ya yaşayış kompleksi salınıb. Bunun da 3,3 milyon kvadrat metr yaşayış sahəsinə malik 97-i və yaxud 95 faizi son 15 ildə inşa edilib.

Beləliklə, 2018-ci ilin sonunadək Ermənistandan olan 6 min (1330 ailə) qaçqının və 294 min (56 min 873 ailə) məcburi köçkünün, ümumilikdə 58 min 203 ailənin və ya 300 min nəfərə yaxın qaçqın və məcburi köçkünün  mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bunlardan 54 min 203 ailə, yaxud 272 min nəfər (93 faiz) son 15 ilin payına düşür. Bu məqsədlə 2,6 milyard manat vəsait sərf olunub ki, bunun da 2,3 milyard manatı Dövlət Neft Fondunun payına düşür.

Sənəddə bildirilir ki, 2018-ci ildə zəruri dövlət ehtiyacları ilə əlaqədar 24 məcburi köçkün ailəsinə 915 min manat məbləğində birdəfəlik kompensasiya ödənilməklə onların köçürülməsi təmin edilib. Eyni zamanda 2017-2018-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 1481 mənzil məcburi köçkünlərin istifadəsinə verilib. Hazırda Heydər Əliyev Fondunun xətti ilə Qaradağ rayonu ərazisindəki “Qobu Park” yaşayış kompleksinin yanında 2-ci yaşayış kompleksində 1300, eləcə də Dövlət Proqramının icrası üzrə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində 810, Pirallahı rayonunda 306, Şirvan şəhərində 685, Beyləqan rayonunda 146 ailəlik qəsəbə və yaşayış komplekslərinin tikintisi intensiv surətdə davam etdirilir.

Dövlət Proqramına uyğun olaraq, Kürdəmir rayonunda 563, Ucar rayonunda 250, Göygöl rayonunda 80 və Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində 645 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş fərdi evlərdən və çoxmərtəbəli binalardan ibarət qəsəbə və yaşayış komplekslərinin layihə-smeta sənədləri hazırlanır ki, yaxın zamanlarda tikinti işlərinə başlanacaq.

   

 

 

Ramiz Mikayıloğlu

Teqlər: qaçqın köçkün ev

OXŞAR XƏBƏRLƏR