Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatına start verilib.
ONA-nın məlumatına görə, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıblar.
Azərbaycan millisinin üzvlərinin ilk görüşləri qələbə ilə yekunlaşıb. Belə ki, təmsilçilərimizdən 57 kq çəki dərəcəsində gücünü yoxlayan Mahir Əmiraslanov 1/8 finalda moldovalı moldovalı Aleksandru Kirtoakanı 9:7 hesabı ilə məğlub edib.
Hacı Əliyevin də debütü uğurlu alınıb. Dünya çempionumuz təsnifat mərhələsində Hüseyn Şaxbanova (Belarus) qalib gəlib – 7:2. O, ardınca 1/8 finalda erməni Vazgen Tevanyanı sınağa çəkib. Pəhləvanımız rəqibinə heç bir şans verməyərək (1:0), mərhələ adlayıb. H.Əliyev 1/4 finalda rusiyalı Naçin Kularla güləşəcək.
70 kq çəki dərəcəsində çıxış edən Ağahüseyn Mustafayev də erməni rəqibini məğlub etməkdə çətinlik çəkməyib. Təsnifat mərhələsində Məhəmmədrəsul Qazıməhəmmədov (Rusiya) üzərində 5:3 hesabı ilə qələbə qazanan həmyerlimiz 1/4 finalda David Safaryanı xalçaya çıxmağa peşman edib. Mustafayev ermənistanlı idmançını 12:2 hesabı ilə məğlub edib. O, final üçün Nikolae Koyokaru (Böyük Britaniya) ilə münasibətinə aydınlıq gətirəcək.
Komandamızın kapitanı Cəbrayıl Həsənov (79 kq) da adını yarımfinala yazdırıb. Təmsilçimiz Nika Kentçadze (Gürcüstan, 6:5), ardınca Franko Mario Buettnerə (Almaniya, 12:1) qalib gəlib.
Millimizin heyətində yalnız Nurməhəmməd Hacıyev (97 kq) məğlubiyyətə üzülüb. O, rusiyalı Abdulrəşid Sadullayevə 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, Avropa çempionatı aprelin 14-də başa çatacaq.