• İDMAN

    19:44 9 aprel 2019

AÇ-2019: Olimpiya çempionumuz finala yüksəlib - YENİLƏNİB

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

ONA-nın məlumatına görə, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər qüvvəsini sınayıblar.

Əhmədnəbi Qvarzatilov (61 kq) zədələndiyi üçün son anda heyətə cəlb edilən Əsgər Məmmədəliyev debütdə Rumıniyadan olan həmkarına müqavimət göstərə bilməyib.

Ötən il gənclər arasında dünya çempionu olan Hacımurad Hacıyev (74 kq) ardıcıl Moldova və Rumıniya təmsilçilərinə çox rahat qalib gələrək, yarımfinala adlayıb. Ancaq finalın bir addımlığında ikiqat dünya çempionu olmuş italiyalı rəqibinə qalib gələ bilməyib. Hacıyev sabah bürünc medal görüşünə çıxacaq.

Murad Süleymanov (86 kq) isə müvafiq olaraq, Macarıstan, Almaniya və İspaniya yığmasının üzvlərinə gücünü göstərib və yarımfinala vəsiqə qazanıb. Lakin gənc güləşçimiz bu mərhələdə rusiyalı həmkarına uduzub. O, üçüncü yer uğrunda güləşəcək.

Mübarizəyə 1/4 finaldan başlayan Şərif Şərifov (92 kq) Rusiya nümayəndəsini üstələyərək yarımfinala yüksəlib. Gürcüstan pəhləvanına da öz gücünü göstərən dünya və Olimpiya çempionu ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə AÇ-nin finalına adlayıb.

Seyid Məhəmmədrza Azərşakib (125 kq) isə ilk mərhələdə kosovolu güləşçiyə məğlub olub.

Bu çəkilər üzrə medal qarşılaşmaları aprelin 10-da saat 19:00-dan etibarən keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatının ilk günündə millimizin 3 güləşçisi finala vəsiqə qazanıb. Onlardan Cəbrayıl Həsənov (79) rəqibi zədələndiyi üçün xalçaya çıxmadan çempion tituluna yiyələnib. 2 təmsilçimiz isə bürünc medal uğrunda gücünü yoxlayacaq.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR