• İDMAN

    20:53 12 aprel 2019

AÇ-2019: Bir güləşçimiz finala yüksəlib, dördü bürünc medal uğrunda mübarizə aparacaq

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

ONA-nın məlumatına görə, beşinci yarış günündə yunan-Roma güləşi üzrə yarışa start verilib. Güləşçilərimizdən biri finala yüksəldiyi halda, digər 4-ü bürünc medal şansını saxlayıb.

Belə ki, dünya və Avropa çempionu Eldəniz Əzizli (55 kq) ilk görüşündə serb güləşçini cəmi 1 dəqiqə 54 saniyəyə məğlub edib. Eldəniz 1/4 finalda əsas rəqiblərindən sayılan gürcü idmançıya da heç bir şans tanımayıb və vaxtından əvvəl qələbə qazanaraq yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Rusiya güləşçisinə uduzan Əzizli aprelin 13-də bürünc medal uğrunda mübarizə aparacaq.

Taleh Məmmədov (63 kq) təsnifat mərhələsində Moldova təmsilçisindən güclü olub. Daha sonra yerli idmançıyla görüş gərgin mübarizə şəraitində keçib və yenə sevinən tərəf təmsilçimiz olub. Beləliklə, Taleh də yarımfinala adlayıb. Ancaq bu mərhələdə Norveç idmançısına yenilib. Məmmədov da aprelin 13-də 3-cü yer uğrunda mübarizə aparacaq.

Elvin Mürsəliyev (77 kq) ilk mərhələdə alman həmkarına müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyindən Elvin aprelin 13-də təsəlliverici görüşə çıxacaq.

İslam Abbasov (87 kq) startda çətinliklə də olsa, alman rəqibinə qalib gəlib. Yığma üzvü 1/8 finalda olimpiya çempionu ilə üz-üzə gəlib. Ancaq rəqibindən çəkinməyən Abbasov Rusiya təmsilçisini də məyus edərək 1/4 finala vəsiqə qazanıb. İslam növbəti mərhələdə Ermənistanın dünya və Avropa çempionu ilə üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən sonuna kimi rəqibindən üstün olan Abbasov parlaq qələbə qazanaraq, yarımfinala vəsiqə qazanan 3-cü yunan-Roma güləşçimiz olub. İslam yarımfinalda da əla güləş sərgiləyərək belaruslu rəqibinə sevinmək imkanı verməyib. Beləliklə, Abbasov ilk dəfə böyüklər arasında Avropa çempionatının finalına vəsiqə qazanıb. İslam aprelin 13-də həlledici qarşılaşmada son Olimpiadanın gümüş medalçısı, dünya və Avropa çempionu Jan Belenyukla (Ukrayna) üz-üzə gələcək.

Sabah Şəriəti (130 kq) debütdə Çexiya pəhləvanı üzərində inamlı qələbə qazanıb. Ancaq daha sonra türkiyəli dünya çempionuna uduzub. Rza Kayaalpın finala yüksəlməsi Şəriətiyə mübarizəni aprelin 13-də təsəlliverici görüşlə davam etdirmək imkanı verib.

Final görüşləri aprelin 13-də Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərin yarışında Hacı Əliyev (65 kq), Cəbrayıl Həsənov (79 kq), Şərif Şərifov (92 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medal qazanıb. Həmçinin qadınların yarışında Elmira Qəmbərova (59 kq) üçüncü yeri tutub.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR