Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.
ONA-nın məlumatına görə, yarışın 3-cü günündə qadın güləşçilər mübarizəyə başlayıb.
Türkan Nəsirova (50 kq) və Elmira Qəmbərova (59 kq) gərgin keçən görüşlərdə müvafiq olaraq Ukrayna və Rusiya təmsilçilərinə məğlub olub. Ancaq rəqibləri finala yüksəldiyi üçün həmyerlilərimiz aprelin 11-də bürünc medal uğrunda güləşəcək.
Dünya 3-cüsü İrina Netreba bu dəfə gücünü 68 kq-da sınayıb. Debütdə sonuncu xal prinsipinə əsasən belaruslu rəqibinə qalib gələn yığmamızın üzvü 1/4 finalda Bolqarıstan güləşçisini minimal fərqlə üstələyərək, adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında son dünya çempionuna müqavimət göstərə bilməyib. Netreba da bürünc medal üçün mübarizə aparacaq.
Ötən il Avropa çempionatında bürünc medal qazanan Səbirə Əliyeva (76 kq) startda Belarus idmançısı üzərində inamlı qələbə qazanıb. Ancaq daha sonra macar həmkarıyla bacarmayıb.