Bratislavada aerobika gimnastikası üzrə açıq Slovakiya çempionatı keçirilib.
ONA-nın məlumatına görə, 15 ölkədən idmançıların qatıldığı turnirdə ölkəmiz fərdi, qarışıq cütlük, üçlük və qrup çıxışlarında təmsil olunub.
Millimizin üzvləri Mədinə Mustafayeva, Nərminə Hüseynova, Balaxanım Əhmədova, Vladimir Dolmatov və İmran İmranovun qrup proqramında icra etdikləri performans onlara yarışların qızıl medalını (19,344) qazandırıb.
Gimnastlarımızın daha bir uğurlu çıxışı isə “üçlük” proqramında olub. Emil Quliyev, Elçin Məmmədov və Vladimir Dolmatov 19,800 xalla turnirin gümüş medalına da yiyələniblər.
Qarışıq cütlükdə gimnastlarımız İmran və Mədinə 6-cı, fərdi çıxışlarda Elçin 5-ci, Nərminə isə 7-ci yerlə turniri başa vurublar.
9-11 yaşlı gimnastların mübarizəsində isə yeganə təmsilçimiz Məryam Topçubaşova fərdi proqramda çıxış edərək, qızıl medal qazanıb. Məryamın çıxışı hakimlər tərəfindən yüksək qiymətləndirilərək, 32 idmançı arasında çempion tituluna yiyələnib.