Gənclər Liqasında keçirilən “Səbail” – “Sumqayıt” matçında baş verən xoşagəlməz hadisələrə hüquqi qiymət verilib.
ONA-nın məlumatına görə, AFFA-nın İntizam Komitəsi “Gənclik şəhəri” təmsilçisinin üzvlərini cəzalandırıb.
“Sumqayıt”ın qırmızı vərəqə alaraq meydandan qovulan futbolçularından Elçin Abbasov aqressiv davranışa görə 2, hakimi təhqir edən Cavidan Abbaszadə və Cəlal Cəbrayılov hərəyə 4 oyunluq cəzalanıb. Komandanın baş məşqçisi Aqil Məmmədova isə hakimi təhqir etmək daha ağır – 5 oyunluq cəza bahasına başa gəlib.
U-15 Liqasının “Sumqayıt” – “Zirə” matçında qonaqların oyunçusu Asəf Əliyev rəqibi təhqir etdiyi üçün 2 turluq cəza alıb. Qarşılaşmadan sonra hakimi təhqir edən “Zirə”nin futbolçusu Murad Əliyev 3 oyunluq kənarlaşdırılıb.
U-16 Qızlar Liqasının “Gömrükçü” ilə qarşılaşmasında hakimi təhqir edən “Fidan”ın futbolçusu Leyla Ağayeva 2 oyun diskvalifikasiyaya məruz qalıb.
Futzal üzrə Yüksək Liqanın “Araz” – “Neftçi” görüşündə sonuncuların oyunçusu Rüfət Balakişiyev kobud oyuna görə meydandan kənarlaşdırıldığı üçün 2 matçlıq cəzalanıb. “Neftçi” – EKOL matçı başa çatandan sonra nominal qonaqların futzalçısı Emin Kürdov hakimi təhqir etdiyinə görə 4 oyun cəza alıb. “Neftçi”nin cəzalı oyunçusu Rüfət Balakişiyev tribunadan hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanıb.