Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
ONA-nın məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXIII turunda baş verənlər müzakirə olunaraq müvafiq qərarlar verilib.
“Neftçi” – “Zirə” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 800 manat cərimə olunub.
Oyunun 90-cı dəqiqəsində “Zirə”nin oyunçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubunu 200 manat cəriməyə məruz qoyub.
Qarşılaşma başa çatdıqdan sonra qonaqların ehtiyat qapıçısı Orxan Sadıqlı rəqibi təhqir etdiyi üçün qırmızı vərəqə aldığına görə 3 oyunluq cəzalanıb, komandası 1600 manat cərimələnib.
Matçın ikinci hissəsi “Neftçi”nin səhlənkarlığı ucbatından 6 dəqiqə gec başlayıb. Bu üzdən klub 2400 manat ödəməli olacaq. Görüş başa çatdıqdan sonra “ağ-qaralar”ın mühafizəçiləri meydana daxil olduqlarına görə kluba ciddi xəbardarlıq edilib. Bu hal yenidən təkrarlanacağı təqdirdə daha ciddi sanksiyalar tətbiq olunacaq.