Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək. ONA-nın məlumatına görə, tədbir “Hilton” otelində baş tutacaq.
Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası təşkil olunacaq. AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyi öncədən müəyyənləşib.
Tədbir assosiasiyanın prezidenti Rövnəq Abdullayev tərəfindən salamlama ilə başlayacaq. Ardınca yığıncağın tərkibinin yoxlanılacaq.
Konfransda İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatı dinləniləcək. Bundan sonra tədbir iştirakçıları maliyyə hesabatı ilə tanış olacaq, müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə alaraq, növbəti ilin büdcəsinin təsdiq edəcəklər.
Konfransın gedişində hər hansı vakant vəzifəyə seçkilərin keçirilməsi də nəzərdə tutulub. Ardınca AFFA üzvlərinin təklifləri qəbul olunacaq, digər məsələlər barədə müzakirələr aparılacaq.