Afrika Çempionlar Liqasına yekun vurulub.
ONA-nın məlumatına görə, Tunisin “Esperans” və Mərakeşin “Vidad Kasablanka” klubları arasında finalın cavab oyunu xoşagəlməz halla başa çatıb.
İlk oyunda 1:1 hesablı heç-heçə edən komandaların Tunisdəki qarşılaşması yarımçıq qalıb. Meydan sahiblərinin hesabı açdığı görüşün 59-cu dəqiqəsində mərakeşlilər bərabərlik qoluna imza atıblar.
Lakin matçın baş hakimi ofsayd qərarı verərək topu hesaba almayıb. “Vidad Kasablanka” futbolçuları referidən VAR-a baxmağı tələb ediblər. Bu tələb azarkeşləri qıcıqlandırıb. Tribunlardan meydana kənar əşyalar və pirotexniki vasitələr atılıb.
VAR sistemindən nasazlıq yarandığından hakim videotəkrara baxa bilməyib. Bunu görən mərakeşlilər meydana çıxmaqdan imtina ediblər. Afrika Futbol Konfederasiyasının prezidenti Ahmad Ahmad də qonaqları meydana qaytara bilməyib. Oyun dayandırılandan sonra 1,5 saat gözləyən hakim sonda final fitini səsləndirib və “Esperans”ın 1:0 hesablı qələbəsini qeydə alıb. Tunis klubu ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qalibi adına yiyələnib.