Ağdamda Aprel şəhidlərinin xatirəsinə həsr olunan “KARABAKH OPEN” Kikboksinq yarışı başa çatıb. Tədbirdə Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, Azərbaycanın tanınmış idmançıları, keçmiş döyüşçülər və Ağdam rayon ziyalıları iştirak edib.
ONA-nın Qarabağ bürosunun məlumatına görə, Ağdam rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən yarışda kadetlər, yeniyetmələr, gənclər və kişilərdən ibarət komanda öz gücünü sınayıb.
Ağdam İdman Klubunun prezidenti Tural Cavadov ONA-ya açıqlamasında bildirib ki, yarışa ölkənin müxtəlif şəhər və rayonlarından 20 komandada 300-dək idmançı qoşulub. Ən balaca idmançının 8, ən böyüyünün isə 35 yaşı olub.
Müxtəlif çəkidə yarışan idmançılardan 73 nəfəri birinci yer, 73 nəfər ikinci yer, 150 nəfər idmançı isə üçüncü yerin sahibi olub.
Digər idmançılara isə fəxri fərmanlar və kuboklar verilib.