Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
ONA-nın məlumatına görə, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında kuboku başı üzərinə qaldırmağa iddialı 8 komanda ilk duelə çıxıb.
Günün ən məhsuldar oyunu Lissabonda baş tutub. Portuqaliya təmsilçisi “Benfika” Almaniyanın “Ayntraxt” klubunu sınağa çəkib. Joao Feliksin het-triki ilə əlamətdar olan matçda meydan sahibləri rəqibini məğlub ediblər – 4:2.
Böyük maraqla gözlənilən “Arsenal” “Napoli” matçı da meydan sahiblərinin qələbəsi ilə nəticələnib. İngiltərə klubu italiyalılarla ilk qarşılaşmanın taleyini fasiləyədək vurulan qollarla həll edib – 2:0.
Londonun digər klubu “Çelsi” isə Praqada “Slaviya”nın qonağı olub. Turnirin sürpriz komandası olan Çexiya təmsilçisi ingiltərəlilərə layiqli müqavimət göstərsə də, sonda məğlubiyyətə üzülüb - 0:1.
İki İspaniya təmsilçisinin mübarizəsində dörd qol vurulub. “Valensiya”nın hesabı açdığı görüşdə “Vilyarreal” bərabərlik qolu vursa da, “yarasalar” görüşün sonunda qələbə toplarına imza atıb – 3:1.
Qeyd edək ki, cavab oyunları aprelin 18-də baş tutacaq.
Avropa Liqası
1/4 final, ilk oyunlar
11 aprel
23:00. “Arsenal” (İngiltərə) – “Napoli” (İtaliya) – 2:0
Qollar: Remsi, 15, Kulibali, 25 (avtoqol)
Baş hakim: Alberto Undiano Mallenko (İspaniya)
London. “Emireyts” stadionu
23:00. “Vilyarreal” (İspaniya) – “Valensiya” (İspaniya) – 1:3
Qollar: Kazorla, 36 (pen.) – Quedes, 6, 90+2, Vass, 90
Parexo 6-cı dəqiqədə penaltildən yararlana bilməyib.
Baş hakim: Maykl Oliver (İngiltərə)
Vilyareal. Estadio de la Seramika
23:00. “Benfika” (Portuqaliya) – “Ayntraxt” (Almaniya) – 4:2
Qollar: Feliks, 21 (pen.), 43, 54, Dias, 54 – Yoviç, 40, Pasiensia, 72
Baş hakim: Antoni Teylor (İngiltərə)
Lissabon. “Benfika” stadionu
23:00. “Slaviya” (Çexiya) – “Çelsi” (İngiltərə) – 0:1
Qol: Alonso, 83
Baş hakim: Feliks Zvayer (Almaniya)
Praqa. “Sinobo” stadionu