• İDMAN

    09:45 28 fevral 2019

Aleksandr Martyoşkin: “Azərbaycan futbolunda fantastik ajiotaj var idi”

“2004-cü ildə Dmitri Nejelevlə birlikdə Azərbaycanın “Xəzər Lənkəran” klubunda çıxış etdik. Düzdür, o, bu komandada o qədər də çox oynamırdı”. ONA-nın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın sabiq qapıçısı Aleksandr Martyoşkin deyib.
Belaruslu qolkiper 2004-05-ci illərdə Azərbaycanda oynamasını xatırlayıb: “Çox cəlbedici təklif gəldi. Bunun maliyyə tərəfini demirəm. Həmin illər Azərbaycan futbolunda fantastik ajiotaj var idi. Bunu Türkiyə ilə müqayisə etmək də olar. Bizim komanda – “Xəzər Lənkəran” Bakıdan təxminən 300 km məsafədə oynayırdı. Amma paytaxtda olduğum müddətdə məni az qala hər yoldan keçən tanıyırdı. Buna səbəb KİV – televiziya və qəzetlər tərəfindən böyük diqqət idi. Futbol tərəfinə gəlincə, 2004/05 mövsümündə “Xəzər Lənkəran” ölkə çempionatının “Qızıl oyun”unda “Neftçi”ylə qarşılaşmaq hüququ qazandı. Bu komanda isə Azərbaycan futbolunun nəhəngidir. 1:2 hesabı ilə uduzduq ki, bu da çox üzücü idi. Çünki əla heyətimiz var idi. Növbəti il AFFA legioner limitini xeyli sərtləşdirdi. Artıq 5 deyil, 3 legioner meydanda ola bilərdi. “Xəzər Lənkəran”da məşqçi dəyişdi və onunla “öz” qapıçıları, azərbaycanlılar gəldilər. Mən isə ehtiyatda oturmayıb, Belarusa qayıtdım. Məni “Belşina” çağırsa da, bir ay heç yerdə məşq etmədən dincəlməyi lazım bildim. Sonra isə “qocadır” deyib, heç yerə götürmək istəmədilər”.
Rusiyanın “rabochy-put.ru” saytına müsahibə verən A.Martyoşkin “Xəzər Lənkəran”la UEFA kubokundakı çıxışa da toxunub: “2005/06 mövsümündə Moldovanın “Nistru” klubu ilə qarşılaşanda rəqibi çox güclü şəkildə qiymətləndirmədik. Hərçənd, mən komanda yoldaşlarıma xəbərdarlıq edirdim ki, bizi layiqli rəqib gözləyir. Mən Soliqorsk “Şaxtyor”unda oynayanda “Nistru”ya qarşı çıxış etmişdim. “Xəzər Lənkəran”la səfərdə 1:3, evdə 1:2 hesabı ilə uduzduq. Baxmayaraq ki, qələbə üçün yaxşı imkanlarımız var idi. Qeyd edim ki, mənim gedişimdən sonra “Xəzər Lənkəran” çempionluq qazana bilib və tez-tez avrokuboklarda oynayıb. Bir neçə il əvvəl isə klub fəaliyyətini dayandırıb”.
Belaruslu qapıçı “Xəzər Lənkəran” azarkeşləri haqda da danışıb: “Lənkərandakı azarkeşləri xoş sözlərlə xatırlaya bilərəm. Bizim səfər matçlarımıza daim azarkeşlərlə dolu 10-12 avtobus yollanırdı. Həm evdə, həm səfərdə dəstəklə təmin olunmuşduq. Azərbaycanda futbolu çox sevirlər. Elə olur ki, adi məşqi də bir neçə min azarkeş izləyir”.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR